Dost dosta bu acını, bilirsiz, niyə yaşatdı?

22 Sentyabr 2022 23:40 Qarabağ 2 558
Dost dosta bu acını, bilirsiz, niyə yaşatdı?

"Qarabağ" Zirə səfərindən darmadağınla qayıtdı - 7:1.

Kiminsə ağlına belə hesab gələrdimi? Məncə, əsla!

Məsələ o deyil ki, meydan sahibləri "Qarabağ"a tay rəqib olmasa da o qədər zəif də deyil.

Məsələ heç onda da deyil ki, Rəşad Sadıqovun komandası daim yaxşı müdafiə olunması, mübarizə ruhda olması ilə seçilib.

Məsələ heç onda da deyil ki, Rəşad Sadıqov ötən mövsüm Premyer Liqada iki dəfə bərabərə (0:0, 1:1) qalmaq və Ölkə Kubokunun finalında yalnız penallaşmalarda uduzmaqla bu komandaya qarşı oynamağın yollarını bildiyini göstərmişdi.

Bu xüsusda bir çox məntiqli arqumentlər gətirmək olar. Amma məsələ ondaydı ki, bütün bu kimi əsaslı arqumentləri arxa plana atan müəyyən bir kütlə "əşşi Qurbanov Sadıqovla dostdur" ironikası ilə çıxış edərək dəfələrlə dilə gətiriblər ki, ya Qurbanov Sadıqova xal verir, ya da Sadıqov lazım olanda müəllimi sayıla biləcək adama güzəşt edir.

Cəmi bir mövsüm əvvəl "Zirə" "Qarabağ"la mövsüm ərzindəki 4 oyundan ikisində bərabərə qalmaqla "Neftçi"nin çempionluğunda müstəsna rol almışdı.

Bu gün isə iki dostun qarşıdurmasından bir tərəf digər tərəfə acı məğlubiyyət yaşadır - 7:1.

"Ağdamlılar"ın hər qolundan sonra yəqin ki, əksəriyyət özlüyündə "dost dosta bunu yaşatmaz" deyə düşünürdü. Amma yaşatdı. Bilirsiz niyə?

Çünki onların qarşılıqlı səmimi münasibətinə qara yaxmaq istəyənlərdən fərqli olaraq, onlar peşəkardırlar. Ən ali dostluqlarını belə işlərinə yansıtmırlar. Meydandakı 90, 120 dəqiqəlik mübarizədə və lazım olarsa penaltilər seriyasında da rəqib olmağı bacarırlar. Ən yaxın dostundan aldığı acı məğlubiyyətin Sadıqovun məşqçi kimi böyüməsinə çox şirin qatqılar qatmış olacağına da əminəm.

Azərbaycan futbolunun məhz belə peşəkarlara, dostlara çox ehtiyacı var. Və belə dostluqların çiynində uğura doğru addımlanması şərtdir!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti