Böyük şəhər, böyük sevgi, başqa oyun, vacib qələbə - "Qarabağ"ın Sumqayıt sərgüzəştləri

16 Avqust 2022 22:20 Qarabağ 660
Böyük şəhər, böyük sevgi, başqa oyun, vacib qələbə - "Qarabağ"ın Sumqayıt sərgüzəştləri

“Qarabağ” Premyer Liqanın ikinci turu çərçivəsində Sumqayıtda qonaq idi. Buna qonaq demək olarsa.

Uzun illər bu şəhərdə məskunlaşmış komandaya şəhər camaatının xüsisi sevgisi hər zaman olub. Öncədən deyim ki, dünən də o günlərdən biriydi...

Şahid olmaq üçün üz tutdum qarşılaşmanın keçirildiyi "Kapital Bank Arena"ya.

Giriş qapısına yaxınlaşıb, maşınla içəri keçmək istəyirəm, amma önümü polis kəsir və aramızda qısa dialoq yaşanır:

- Olmaz!

- Jurnailstəm

- Çox gözəl. Xoş gəlmisiniz, amma maşınla olmaz.

- Rəis, digər oyunlarda olub axı...

- Qardaş, bu, başqa oyundu ee

- Necə yəni başqa oyun?(Məsələ aydındır, sadəcə məqsəd cavabı geniş açmaqdır)

- “Qarabağ” gəlib, “Qarabağ”. Bu komanda digər rəqiblərə bənzəməz. Qurban Qurbanovun komandası Azərbaycanın fəxridir. Görün nə qədər adam gəlib. Nə maşın saxlamağa, nə də içəri azarkeş buraxmağa yer var.

Yaranmış mənzərəni gözəl başa düşüb, parkinq üçün yer axtarışına çıxıram.

Və rəisin “bu başqa oyundu” fikrinin əyani təcəssümünü arenaya atdığım hər addımda hiss edirəm.

Öncə əsas giriş qapısının artıq startdan 5 dəqiqə sonra azarkeşlərin üzünə bağlanmasını görürəm. “Yalvarıram məni burax” deyənlərə belə icazə verilmir. Buraxılış vəsiqəmi təqdim edib, əsas qapıdan içəri keçirəm. Bu əsnada bir nəfərin “Rəis, Orxan Vətən Müharibəsinin iştirakçısıdır, bəlkə, onu buraxasınız?” sualına cavab, qapıların açılması və Orxan adlı fəxrimizin içəri buraxılması olur. Həqiqətən, alqışlanası addım idi.

“Kapital Arena”nın tribunalarının dolmasını və fanatların setkalı tərəflərdə bundan az sayda olsa da dayanmasını bir neçə dəfə görmüşük. Amma bu dəfə arenaya yaxınlaşdıqca hətta insanların təhlükəli olan hündür hasarlara çıxmasına şahid oluram. (Fasilədə faciə ola biləcəyinin fərqinə varan polis həmin azarkeşləri oradan uzaqlaşdırır). Təbii ki, tərəfli-tərəfsiz hər kəs Avropada tarix yazan komandanı yaxından izləmək istəyirdi. Bu niyyətlə azyaşlı övladını, nəvəsini gətirənlər də gözəl mənzərənin bir parçaları idi.

“Qarabağ”ın tamamilə əsas heyətə istirahət verməsi yerli fanatların ürəyincə olsa da “Qarabağ” üçün arenya təşrif buyuranların çoxunun qanını qaraltmış oldu. Mənzərədən məmnun olmayanların bir çoxu hətta fasilədən sonra evə getməyə qərar vermiş oldular.

Amma ikinci yarıda Qurban Qurbanov ardıcıl olaraq Ramil Şeydayev, Marko Yankoviç, Abdullah Zubir və Kadi Borgesi meydana buraxmaqla qalanların üzünə təbəssüm gətirmiş oldu. Təbii ki, daha böyük coşğu Zubirlə Kadinin meydana ayaq basması ilə yaşandı.

Elə sonradan meydana çıxanların köməyi ilə əlavə vaxtda gələn iki qolla “Qarabağ” böyük sevgi gördüyü şəhərdən, həm də vacib qələbə ilə qayıtmış oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti