Qurban Qurbanova yönələn qeyri-səmimi suallar - Kimə və nəyə lazım?

6 İyul 2022 22:20 Qarabağ 1 531
Qurban Qurbanova yönələn qeyri-səmimi suallar - Kimə və nəyə lazım?

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə start verdi.

Komanda birinci təsnifat mərhələsinin ilk matçında “Lex”ə məğlub oldu – 0:1.

Poznandakı matç başa çatar-çatmaz Bakıda yenə aləm qarışdı. Ki, “Qarabağ” niyə uduzdu?

Başa düşəmədim, bu”Qarabağ” “Barselona”dı, Premyer Liqamız da La liqa?

Bu, nə nəyin hay-həşridi axı?

Axı biz çempionatımızı da tanıyırıq, gücümüzə də bələdik. Rəqib də bizə yadd deyil.

Söhbət Polşa çempionundan gedir. Ölkəsinin futbolu bizdən yüksəkdə, millisinin nəticələri göz önündə, çempionatının səviyyəsi hamımıza məlum.

Bəs biz kimik? Vur-tut ortaya çıxara biləcəyimiz bir sanballı oyunçumuz var – Mahir Emreli. O da ötən mövsüm Polşada autsayderlər sırasında olan klubda yetəri qədər sözünü deyə bilmədi.

Hə, bir də “Qarabağ”ımız var. Qurban Qurbanovun sənət əsəri olan “Qarabağ”. Amma futbolda bir adamla “Barselona” qurmaq olmaz axı. Hə, bir yerə qədər nəsə eləmək olar. Vəssalam!

Qurbanovlu “Qarabağ” isə o bir yerləri də çoxdan arxada qoyub.

Dünən onun komandası Polşa çempionun öz evində müdafiədə oturmağa məcbur etmişdi.

90 dəqiqə rəqibindən pis oynamadı ki, hələ üstün oynadı. “Sag ol” demək üçün elə bunlar bəs etmirmi? Polşa çempionuna minimal hesabla məğlubiyyət niyə bu qədər aqressiv olmağa səbəb olsun ki?

Əvvəla bunun hələ cavab matçı var. İkincisi lap tur keçilməsə belə dünyanın sonu olmayacaq. Axı püşk atılanda hamı ən yaxşı halda şansları bərabər görürdü. Deməli, bu cütdə udmaq da var, uduzmaq da. Bəs indidən hay-huy salmaq niyə?

Ay hücumçu niyə alınmadı, ay Andrade niyə saxlanılmadı?

Axı bu sualların cavabını sən də, mən də, o da bilirik. Baş məşqçi də dəfələrlə izahını, köklü səbəblərini dilə gətirib. Elə sizlər də çəpik çalmısınız ki, “Kişi, düz deyir də”. İndi nə oldu da o kişi səhv çıxdı?

Ümumiyyətlə, nə hikmətdisə, “ağddamlılar” hər məğlub olanda eyni söhbətlər dövrüyəyə buraxılır. Ki, hücumçu niyə alınmır, filankəs niyə saxlanılmadı.

Bu tendensiya həttə Konfrans Liqasının pley-off mərhələsində Fransa nəhəngi “Marsel”ə məğlub olanda belə ortaya atılır. Əslində bunun özü iradın nə qədər qeyri-ciddi, qeyri-səmimi olmasının göstəricsidir.

Məncə, qurtaraq bu söhbətləri. Ən azı illərdi eyni məzmunlu sual atəşində yenə öz yolundan dönməyən, mümkünsüzü mümkün edən komandaya xatir qurtaraq. Əgər uğur üçün istəyimiz, iradımız səmimiyyətə söykənirsə...

PS: Bu arada bir aydan sonra start götürəcək Premyer Liqa klublarından nə xəbər? Büdcələri təsdiqlənib qurtara bildimi?

Hədəflərindən, məqsədlərindən, məramlarından xəbər varmı? Bu suallara cavab tapmaq lazımdı e, qardaşlar. Ki, “Qarabağ”la bağlı suallarınıza da cavab tapmış olasınız!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti