"Mən Qurban Qurbanovun həqiqətən belə düşündüyünə inanmıram"

22 Aprel 2021 22:40 Qarabağ 1 352
"Mən Qurban Qurbanovun həqiqətən belə düşündüyünə inanmıram"

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

İkinci hissədə meydana buraxdığı Abdullah Zubirin 72-ci dəqiqədə əvəzlənməsinin səbəbi barədə danışan 49 yaşlı mütəxəssis rəqib komandanı özlərinə qarşı kobud oynamaqda, hakimləri isə bu epizodlara göz yummaqda günahlandırıb.

Əslində bu, Qurbanovun cari mövsümdə ilk belə şikayəti deyil. Dəfələrlə rəqiblərin "Qarabağ"la oyunlara xüsusi motivasiya ilə çıxdığını söyləyən baş məşqçi bir neçə dəfə hakim idarəçiyilindən də narazılığını bildirib.

Hətta o, Azərbaycan Premyer Liqasında XXI turun "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə dördüncü hakimə "Korsunuz?" söyləyib. Sadəcə, dünənki qarşılaşmadan sonra deyilən sözlər narazılığın bəlkə də pik həddi idi.

Görəsən, həqiqətənmi digər komandalar son vaxtlar "Qarabağ"a qarşı xüsusi aqressiya ilə oynayırlar?

Şahin Diniyev

Şahin Diniyev

Şahin Diniyev: "Mən özümü qoyuram həmin futbolçunun yerinə"

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "report"a açıqlamasında bildirib ki, "Qarabağ" Azərbaycanın top-klubudur və bütün komandalar özlərini sübut etmək üçün Ağdam təmsilçisinə qarşı ayrıca motivasiya ilə çıxış edir: "Bu klubların "Qarabağ"la matçlara hazırlaşması üçün başqa motivasiya üsulu lazım deyil. Komandanın adı kifayət edir. Ona görə də daha aqressiv oynamağa çalışırlar. Bu, danılmaz faktdır. Çünki "Qarabağ" texniki-taktiki baxımdan digərlərindən bir neçə dəfə üstündür. Burada yalnız mübarizə aparmaq qalır. Oyunlar da bunu göstərir. Qurban müəllimi də başa düşürəm. Komandası son turlarda ciddi itkilərlə üzləşib. Rotasiya etmək üçün baş məşqçinin əlində geniş heyət yoxdur".

Diniyevin fikrincə, çempionluq uğrunda qızğın mübarizənin getdiyi vaxtda ən aparıcı futbolçuların bir-bir sıradan çıxması Qurbanova təsir edib: "Şahruddin Məhəmmədəliyev, Filip Ozobiç kimi futbolçuların zədələnməsi kasad heyətə sahib olan "Qarabağ" üçün çempionluq yolunda böyük təhlükədir. "Qarabağ"ın futbolçularına qarşı aqressiv oyun görürəm. Bu da onların mübarizə istəyindən irəli gəlir. Bu komandaya qalib gəlmək çox çətindir".

Lakin tanınmış mütəxəssis kiminsə bunu qəsdən etdiyinə, baş məşqçi tərəfindən futbolçuya rəqibi vurub-sındırmaq tapşırığı verildiyinə inanmadığını vurğulayıb: "Bu ola bilməz. Məsələn, mən özümü qoyuram həmin futbolçunun yerinə. Abdullah Zubir 5-6 dəfə məni aldatdırsa, gücüm yalnız onu vurmağa çatır. Bunlar futbolun içində olan şeylərdir. Oyunçu emosiyalara qapılıb hansısa hərəkətə yol verə bilər. Adi məşq zamanı "kvadrat" oynayanda hansısa futbolçunun ayağının arasından topu atırsansa, həmin oyunçu istər-istəməz qıcıqlanır və ikinci dəfə komanda yoldaşının üstünə iki ayaqla tullanır. Bu da onun kimi bir şeydir. Şahruddinin zədələndiyi epizoda baxdım. Amil Yunanov rəqibin kimliyindən asılı olmayaraq, hər zaman aqressiv futbol oynayır. Qapıçının başına qəsdən vurduğunu görmədim. Bu fikirlə razılşa bilmərəm. Futbolçu yalnız hansısa epizoda görə əsəbləşəndə bilərəkdən rəqibə zərbə endirə bilər. Hər ikisi topa getdi. Şahruddin ayağı və ya bədəni ilə müdaxilə edə bilərdi. Sadəcə, qəhrəmanlıq edərək başını zərbənin qarşısına qoydu. Hər ikisi zədələnə bilərdi".

Rüstəm Rəhimov: "Hakimlər lider oyunçularının bilərəkdən sındırılmasına göz yummamalıdırlar"

"Ümumiyyətlə, mən Azərbaycan çempionatının oyunlarına çox baxmıram, çünki ləzzət etmir" deyən AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimovun sözlərinə görə, futbol kontaktlı idman növüdür və mübarizə tələb edir: "Bizim futbolu bilirsiniz, ancaq arxaya oynayırlar, təhlükəli hücum, qapıya zərbələr az olur. Xoşuma gələn matçlar olanda izləyirəm. Hərdən baxımlı qarşılaşmalar da olur. Təəssüf ki, bu cür görüşlərin sayı çox azdır. Amma Qurban müəllimin fikirləri ilə tanışam. Futbol kontaktlı idman növüdür, mübarizə tələb edir. Amma kimsə "Qarabağ"ın futbolçularını bilərəkdən zədələmək istəyirsə, hakimlər qərəzli olmamalı, obyektiv qərarlar verməlidirlər. Hansı vərəqə tələb olunursa, onu da göstərmək lazımdır".

Ümumittifaq dərəcəli keçmiş hakim bildirib ki, komandanın liderini bilərəkdən vurub-sındırmaq olmaz: "Doğrudan da belə bir şey varsa, Qurban Qurbanovun fikirlərinə hörmətlə yanaşıram. Lakin baş məşqçi bilməlidir ki, onun komandası hazırda liderdir. Zəif komandalar isə həmişə özlərindən üstün kollektivlə oynayanda bütün güclərini ortaya qoyur, aqressiv oynayır, özlərini sübut etməyə çalışırlar. Amma hər şey qaydalar çərçivəsində olmalıdır. Hakimlər komandanın lider oyunçularının bilərəkdən sındırılmasına göz yummamalı, qətiyyətli olmalıdırlar. Çünki "Qarabağ" Azərbaycanı avrokuboklarda təmsil edir. Bu klubun oyunçularını qorumaq lazımdır. Bizim vaxtımızda deyirdilər ki, bu futbolçular SSRİ yığmasının üzvləridir, kimsə onları zədələməsin. Hər dövrdə belə hallar olub".

Səbuhi Səfiyarlı: "Həm digər klubların, həm də "Qarabağ"ın xeyrinə səhvlər olub"

Futbol eksperti Səbuhi Səfiyarlı isə deyib ki, Qurban Qurbanov soyuq başla heç vaxt elə açıqlama verməzdi: "Bir neçə oyunçusu zədələnib, ona görə əsəbi idi. Digər tərəfdən, kubok matçında qələbə qazana bilmədilər. Əminəm ki, elə düşünmürdü. Son illərdə başqa komandalar da çempion olub. Heç vaxt belə söhbət olmamışdı. Zədəlilərin çoxluğu və oyunun nəticəsinə görə emosiyalara qapıldığını düşünürəm. Ən çox da Filip Ozobiçin zədələnməsinə pis olub. Xorvatiyalı yarımmüdafiəçi bəlkə də komandanın yarısıdır. Bu cür hallara görə belə açıqlama verib".

Səbuhi Səfiyarlı

Səbuhi Səfiyarlı

Keçmiş klub rəsmisinin fikrincə, Qurban Qurbanov zədəlilərin çoxluğundan yaranan gərginlik üzündən bu cür açıqlama verib: "Mən onun həqiqətən belə düşündüyünə inanmıram. Çünki heç vaxt belə şeylərə rast gəlməmişik ki, kimsə nəyəsə görə rəqibi qəsdən zədələsin. Adi oyun epizodudur, belə hallar olur. Zədə də oyunun bir hissəsidir. Çempionluq mübarizəsinin bundan da gərgin keçdiyi vaxtlar olub. Heç kim belə sözlər deməyib. Vaxtilə "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyonun ayağı 2 dəfə sınmışdı, bir neçə ay oynamadı. O demək deyil ki, Flavinyonu qəsdən zədələməyi tapşırmışdılar. Sadəcə, "Qarabağ"ın bir neçə futbolçusu ardıcıl zədələndi. Qurban müəllim də ondan yaranan gərginliyə görə belə danışıb. Hər hakimin epizoda öz baxışı var. Kimsə epizodu görməyə bilər. Hansısa hakimin futbolçunun bilərəkdən rəqibini vurub zədələməsinə imkan verə biləcəyinə də inanmıram. Həm digər klubların, həm də "Qarabağ"ın xeyrinə o qədər səhvlər olub".

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik isə məsələ ilə bağlı şərh vermək istəmədiyini söyləyib: "Oyunun rəsmi şəxslərinin çıxışı ilə bağlı mətbuata, ictimaiyyətə və ya klublara heç vaxt açıqlama verməyəcəyəm. Bu, UEFA-nın hakimlərlə bağlı qaydalarına tam uyğundur".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?