"Mövsümün sonunda bilinəcək ki, Mahir “Qarabağ”da qalır, ya yox"

28 Fevral 2021 14:00 Qarabağ 592
"Mövsümün sonunda bilinəcək ki, Mahir “Qarabağ”da qalır, ya yox"

“Transfer pəncərəsi” bağlansa da, Mahir Emreli ilə bağlı xəbərlər hələ də medianın gündəmindən düşmür.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvardın ağdamlıların yeni müqavilə təklifindən imtina etdiyi deyilir. P

remyer Liqanın bombardiri klub rəhbərliyinə ölkə xaricində çıxış etmək istədiyini bildirib. Məsələ ilə bağlı “Qarabağ”a müraciət etdik.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Mahir Emreliye yeni müqavilə təklifi olunub və o bundan imtina edibmi” sualımızı belə cavabladı:

“Mövsümün sonunda futbolçunun “Qarabağ”la müqaviləsinin müddəti bitir. Qış “transfer pəncərəsi” müddətində hücumçunun kifayət qədər ciddi təklifləri oldu.

Danışıqlardan sonra onun “Qarabağ”da qalmasıyla bağlı razılıq əldə olundu. Mahir Emreli ilə yeni müqavilənin bağlanması məsələsinə mövsümün sonunda yenidən baxılacaq.

Onunla klub arasında bu haqda danışıq olub. İndi bu məsələni müzakirə etmək düzgün deyil. Hazırda komanda çempionata köklənib. Mövsümün sonuna kimi bizi bir-birindən çətin oyunlar gözləyir.

Futbolçunun klubla müqaviləsinin müddətinin bitəcəyi ərəfədə yeni sazişlə bağlı danışıqlar olacaq. İndiki halda “futbolçu müqaviləni uzatmır, klubda qalmaqdan imtina edib”, - deyə qələmə vermək düzgün deyil.

Sadəcə, onunla danışılıb, mövsümün sonunda müqavilənin yenilənməsi ilə bağlı ortaq məxrəcə gəlməyə çalışacağıq”.

Bəs mediada yayılan xəbərlər hardan qaynaqlanır? Doğrudanmı Mahir karyerasını ölkə xaricində davam etdirmək niyyətindədi? Mövsümün sonunda “Qarabağ”la müqaviləni yeniləməsə, klubunu xeyir vermədən tərk edəcək?

Cavabsız qalan suallar və sirli məqamlar çoxdu. Məsələni tam aydınlaşdırmaq üçün Mahir Emrelinin meneceri Tural Əsgərovla da əlaqə saxladıq (Futbol+).

Agent bir sıra məsələlərə aydınlıq gətirdi: “Əvvəla, fürsətdən istifadə edib, sizin timsalınızda bütün jurnalistlərə müraciət edirəm.

Proseslə əlaqəsi olan, danışıqlarda birbaşa iştirak edən tərəflər mətbuata açıqdısa, dedi-qodulara qulaq asmaq, inanmaq düzgün deyil.

Mən hamıya rəsmi şəkildə bildirmişəm ki, Mahir Emreli mövsümün sonuna kimi “Qarabağ”da qalacaq. Amma yenə xəbərlər çıxır ki, futbolçu başqa komandaya transfer olunacaq.

Mahirin “Qarabağ”la razılaşa bilməməsinə gəlincə, futbolçu bir çox azərbaycanlı gənc oyunçular kimi uzun illərdi Avropada çıxış etmək arzusundadı. Bu vaxta kimi Mahirə kifayət qədər təkliflər olub.

Bunlar arasında elələri olub ki, onlarla futbolçunun özü belə maraqlanmayıb. Zaman-zaman da Mahirin bəyəndiyi komanda “Qarabağ”ı razı sala, klubun istəklərini həyata keçirə bilməyib.

Daha doğrusu, Ağdam təmsilçisi bir sıra məsələlərdə razılaşmayıb. Biz sonda klubla razılıq əldə etdik ki, Mahir mövsümün sonuna kimi “Qarabağ”da qalır, komandasını yarıyolda qoymur.

Burda qalmaqla yanaşı, karyerası ilə bağlı növbəti addımın hansı istiqamətdə olacağını qərarlaşdıracaq. Bu gün Mahirin “Qarabağ”da qalmayacağını demək düzgün deyil.

Amma onun klubu ilə yeni sözləşməsi yoxdu, hazırda bu barədə söhbət də getmir. Çünki razılaşmışıq ki, mövsümün axırında bu məsələyə bir də qayıdılsın.

Bu gün bu məsələ müzakirə mövzusu deyil. Ancaq mövsümün sonunda bilinəcək ki, Mahir “Qarabağ”da qalır, ya yox? Bəli, Emrelinin meneceri kimi müxtəlif klublarla danışıqlar aparıram.

Hamısına deyirəm ki, oyunçum sizin üçün maraqlıdısa, təklifinizi göndərin. Düşünürəm ki, yaya kimi bu məsələdə hansısa yenilik olmayacaq. Çünki indidən növbəti mövsümün planlarını cızan tək-tük klub var.

Buna baxmayaraq, Mahiri media 100 dəfə harasa göndərdi. Amma futbolçu hələ də “Qarabağ”dadı. Bəli, yay üçün işlər görürəm. Amma aprelə və maya kimi bu mövzuda ciddi nəsə olmayacaq”.

Tural bəy futbolçu ilə klub arasında yeni müqavilənin detalları barədə danışıqların olmadığını da söylədi: “Yenə deyirəm, bu barədə heç nə danışılmayıb.

Mahir mövsümün sonuna kimi “Qarabağ”da qalacaq. Biz etiraf edirik ki, onun ilk seçimi Şərqi Avropa ölkələrinin klubları olacaq.

Belə bir təklif olarsa, dəyərləndiriləcək. Amma indi futboldu, Allahın işidi. Hərəmizin qismətinə bir şey yazılıb. Yayda nələrin baş verəcəyini dəqiq biləcəyik”.

Emrelinin meneceri sonda Polşa klubları ilə danışıqlar aparmadıqlarını da dedi: “Bu informasiya əsassızdı. Heç bir anlaşma, təklif yoxdu. Təəssüf, amma məhz belədi. İnformasiya birmənalı şəkildə düzgün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu