“Sabah”ın məşqçisindən mesaj və ya atmaca: “Avtobus” kimə ünvanlanıb? - FOTOLAR

13:00 Hadisə 189
“Sabah”ın məşqçisindən mesaj və ya atmaca: “Avtobus” kimə ünvanlanıb? - FOTOLAR

“Sabah”ın məşqçi heyətinin üzvü Valerio Zuddasın sosial şəbəkə paylaşımı futbol ictimaiyyətində müzakirə yaradacaq məzmunla diqqət çəkib.

Valdas Dambrauskasın italiyalı köməkçisi komandanın oyun modelini əks etdirən statistik qrafikləri yayımlayaraq, müdafiə fəlsəfəsi ilə bağlı olduqca iddialı ifadə işlədib.

“Yaxşı müdafiə olunmaq mütləq avtobus park etmək demək deyil” - deyə, Zuddas yazıb.

Futbolda “avtobus park etmək” ifadəsi, adətən, komandanın həddindən artıq geriyə çəkilərək bütünlüklə müdafiəyə qapanmasını təsvir etmək üçün işlədilir.

Bu səbəbdən Zuddasın seçdiyi ifadə sosial şəbəkələrdə daha dərin müdafiə modeli ilə oynayan komandalara və məşqçilərə dolayı mesaj kimi qiymətləndirilə bilər.

Zuddas bununla kifayətlənməyib və “Sabah”ın oyun modelini rəqəmlərlə əsaslandırıb.

Təqdim olunan statistikaya görə, Bakı təmsilçisinin orta müdafiə xətti təxminən 50 metr təşkil edir. Komandanın PPDA göstəricisi isə 7-yə yaxındır ki, bu da yüksək pressinq intensivliyindən xəbər verir.

Digər qrafiklərdə də “Sabah”ın rəqibə nisbətən daha yuxarıda müdafiə etdiyi və topu rəqibin son üçdəbirində daha çox geri qazandığı görünür.

Hücum göstəricilərində də “Sabah” liqanın ön sıralarındadır.

Yəni Zuddasın mesajı kifayət qədər aydındır: “Sabah” müdafiə etmək üçün öz qapısının qarşısında gözləmir, əksinə, rəqibi mümkün qədər uzaqda qarşılayır.

Paylaşımda həmçinin qeyd olunur ki, bu yanaşmanın nəticəsində “Sabah” çempionatın ilk beş oyununda cəmi bir qol buraxıb və ötən mövsümdən davam edən güclü müdafiə tendensiyasını qoruyub.

Beləliklə, “Sabah”ın məşqçi heyətindən gələn paylaşım yalnız statistik hesabat təsiri bağışlamır. “Avtobus park etmək” ifadəsinin xüsusi vurğulanması bu paylaşımı Azərbaycan futbolundakı taktiki müzakirələr fonunda daha da maraqlı edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti