Azərbaycanda şirkətlərarası minifutbol turnirlərindən biri olan “MARSOL Minifutbol Turniri” yeni mövsümlə davam edir.
2026-cı il turnirinin təşkilatçılığı “QOLAT Sport Services”, tərəfdaşlığı isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) tərəfindən həyata keçirilir.
Həvəskarlar arasında keçiriləcək turnirə ümumilikdə 32 komandanın qatılması nəzərdə tutulur.
Yarışın əsas məqsədi sahibkarlar və şirkət əməkdaşları arasında idmana marağın artırılması, komanda ruhunun gücləndirilməsi və işgüzar əlaqələrin daha da inkişaf etdirilməsi üçün idman platforması yaratmaqdır.
Turnirin 15 noyabr 2026-cı il tarixində start götürməsi planlaşdırılır. Qeydiyyat üçün son tarix isə 30 sentyabr 2026-cı il olaraq müəyyən edilib.
“MARSOL Minifutbol Turniri 2026” çempionluq uğrunda mübarizə ilə yanaşı, iştirakçı komandalar üçün müxtəlif mükafatlarla da yadda qalacaq.
Turnirin qalibinə 10 000 AZN pul mükafatı, kubok, medal və sertifikat təqdim olunacaq.
İkinci yeri tutan komanda “Marxal Resort & Spa”da qonaqlama, medal, kubok və sertifikatla təltif ediləcək. Üçüncü yerin sahibi isə kubok, medal, sertifikat və qiymətli hədiyyələr qazanacaq.
“MARSOL Minifutbol Turniri” artıq əvvəlki mövsümdə də şirkətlərarası futbolun diqqətçəkən layihələrindən biri olub. 2025-ci il turnirinin finalında KOBİA və Global Logistic komandaları qarşılaşıb və penaltilər seriyasından sonra KOBİA çempion olub.
Yeni mövsümdə də şirkət və təşkilatları bir araya gətirəcək turnirin daha geniş rəqabət və maraq doğuracağı gözlənilir.
“MARSOL Minifutbol Turniri 2026” – futbol, rəqabət, komanda ruhu və işgüzar əlaqələrin bir araya gəldiyi idman platforması olaraq yeni mövsümə hazırlaşır.
SPORTİNFO.AZ
