Gündüz Abbaszadə Nurlan İbrahimovdan halallıq aldı

26 Yanvar 2021 13:00 Qarabağ 1 091
Gündüz Abbaszadə Nurlan İbrahimovdan halallıq aldı

Tanınmış telejurnalist Gündüz Abbaszadə “Qarabağ” rəhbərliyindən gələn dəvəti qəbul edib.

Sportinfo.az-ın məlumatına görə, son vaxtlar “CBC Sport“da çalışan sabiq ANS-çi klubun mətbuat xidmətinin rəhbəri olmağa razılıq verib.

Onun namizədliyi baş məşqçi Qurban Qurbanov tərəfindən də dəstəklənib. G.Abbaszadə ondan əvvəl press-atieşe olmuş Nurlan İbrahimovla əlaqə saxlayıb.

15 il “Qarabağ“ın media ilə əlaqələndiricisi olmuş və sosial şəbəkədə ermənilər əleyhinə yazdığı statusa görə UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılan İbrahimov yeni işində ona halallıq verib və uğurlar arzulayıb.

Nurlan İbrahimovun klubdan ayrılmasından dörd gün sonra mətbuat xidmətində çalışan Yusif Hüseynov da işindən getdiyini açıqlayıb.

Bu arada, klubun direktoru Əmrah Çəlikəl mətbuat xidməti vəzifəsinə təyinatla bağlı xəbərlərə münasibət bildirib: “Rəsmi olaraq təyinat yoxdur. Bir neçə namizəd var və onlarla danışıqlar aparırıq.

Onların arasında Gündüz Abbaszadə də var. Amma rəsmi olaraq hələ ki, heç bir şey yoxdur. Öz namizədlərimizi klub rəhbərliyi ilə müzakirə etdikdən sonra qərar qəbul edəcəyik.

Gündüz mətbuat katibi ola da bilər, çünki real namizədlərdəndir. İnşallah, bu həftə ərzində təyinatı açıqlayacağıq. Çünki bu post boş qala bilməz. Təyinat olmalıdır”.

“Xəzər” TV-nin sabiq əməkdaşı, hazırda “CBC Sport”da çalışan Emin Abbasovun da bu klubda çalışacağı gözlənilən idi. Çünki Emin Abbasov vaxtilə “Qarabağ”da çalışıb.

Bununla belə, onun təklifdən imtina etdiyi bildirilir. Suala Əmrah Çəlikəl belə cavab verib: “Bəli, Emin Abbasovla da görüşmüşük”.

Digər Xəbərlər
Xəbər Lenti