“Bizim futbolçular ona “torba tikmək” üçün bilərəkdən oynamadılar”

31 May 2020 13:40 Qalmaqal 1 184
“Bizim futbolçular ona “torba tikmək” üçün bilərəkdən oynamadılar”

Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu bu yaxınlarda yerli mətbuata verdiyi müsahibədə sensasiyalı iddia ilə çıxış edib.

Sportinfo.az xəbər verir ki, rumınıyalı hücumçu 2005/06 mövsümündə UEFA kubokunun təsnifat mərhələsində qarşılaşdıqları “Xəzər Lənkəran”ın onlara rüşvət təklif etdiyini açıqlayıb.

Likioyu bildirib ki, Lənkəran təmsilçisi uduzmaq üçün komandanın üç üzvünə 250 min dollar vəd edib. Ancaq onlar bu təkliflə razılaşmayıb. Həmin vaxt Rasim Karanın yetirmələri Moldova klubuna evdə 1:2, səfərdə isə 1:3 hesabı ilə məğlub olmuşdu.

Futbolçunun illər sonra belə açıqlama verməsi gündəmə “bomba” kimi düşməyə bilməzdi. Üstəlik, Lənkəran klubunun olduqca zəngin olması və zaman-zaman milyonlardan necə səmərəsiz istifadə etməsi iddianı möhkəmləndirdi.

Əlbəttə, könül istərdi ki, “Xəzər Lənkəran” sağ olaydı və iddiaya konkret cavab veriləydi. Ancaq təəssüf ki, bölgə təmsilçisi tarixə qovuşub. Düzdü, klubdan məsələ ilə bağlı mətbuata açıqlama verilib və Likioyunun iddiası təkzib olunub. Elə Kara da qəzetimizə açıqlamasında rüşvət təklifini yalanlayıb.

Ancaq mövzu hələ də müzakirə olunur. Bunu nəzərə alaraq, həmin vaxt “Xəzər Lənkəran”ın formasını geyən futbolçulara tribuna verməyi qərara aldıq (*Futbol+).

Zaur Ramazanov: “Vallah, boş söhbətdi. Mən belə şey eşitməmişəm. O vaxtı baş məşqçi Rasim Kara idi. Əksinə, deyilirdi ki, komanda onu göndərmək üçün oynamadı. Belə söz-söhbətlər var idi. Ancaq 250 min verməyimizdən xəbərim yoxdu (gülür). Məncə, boş söhbətlərdi. Mən nə belə şey eşitmişəm, nə də hiss etmişəm. Həm də bu pulu versələr, gəlib futbolçuya deməzlər. Oyunçuların belə şeydən xəbəri olmur. Mənə elə gəlir ki, həmin oyunda bizim futbolçular Rasim Karaya “torba tikmək” üçün bilərəkdən oynamadılar. Biz onlardan güclüydük, uduzulası komanda deyildi. Müdafiədə çox zəif idik, hardan atırdılar, təkbətək çıxırdılar”.

Mahmud Qurbanov: “Belə şeyləri biz eşitmirdik, biz futbolçuyuq. Elə mətbuatdan oxuyuruq, klubun nümayəndələri artıq bu barədə danışıb. Bilmirəm, illər sonra niyə belə açıqlama verib? Amma qətiyyən inanmıram belə bir şey olsun. Nə deyim, bəlkə olub, bəlkə də olmayıb. Orası düzdü ki, biz güclüydük, ancaq mərhələni keçən onlar oldu. Bizimkilərin nəsə təklif etmələri inandırıcı deyil, boş söhbətdi. Onun 15 ildən sonra bu barədə danışmasının səbəbini bilmirəm. Bəlkə də reklam edir özünü. Həmin vaxt baş məşqçi Rasim Kara idi. Heç bir problem də yox idi komandada. Üstəlik, Karaya rəhbərlikdən yaxşı dəstək də vardı. Bizdə belədi, uduzan kimi hərə bir şey deyir. Sonra da deyirik ki, normaldı. Əslində normal deyil. Bekarçılıqdan hərə bir söz danışır. Nə təklifə inanıram, nə də kiməsə “torba tikilməsinə”. Sadəcə, heyətimiz yeni idi. Hamı yeni qoşulmuşdu komandaya”.

Emin Quliyev: “Açığı, biz belə şeylər eşitməmişik. Çıxıb oyunumuzu oynayırdıq. Belə şeylər rəhbərliklər arasında olur. Olsa belə, oyunçuların xəbəri olmaz. Ancaq bunun həqiqət olduğuna inanmıram. Yəni nə oldu ki, durub indi belə bir açıqlama verib? Üstündən 1 il yox, 2 il yox, 15 il keçib. İndi niyə danışır ki? Yaxşı komandamız olsa da, hər iki oyunda uduzmuşduq. Nə edəsən, futboldu, alınmayanda, alınmır. Ancaq oyun almaq və satmaq - bizdə belə şeylər olmayıb. Biz komandada olanda kimsə yanımızda oyun vermək, almaq barədə danışa bilməzdi. Bunlar rəhbərliklər arasında olur, bundan da mənim xəbərim yoxdu. Dediyim kimi, belə bir təklifin olduğuna inanmıram. Elə şey olsa, mətbuat oyundan bir neçə ay sonra bunu tapıb yazardı”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu