"Həbs edilən icra başçılarının varidatı Elxan Məmmədovun…"

7 May 2020 20:40 Qalmaqal 1 332
"Həbs edilən icra başçılarının varidatı Elxan Məmmədovun…"

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Bundan başqa, onun yaşadığı evə baxış zamanı qarajdan 10-PR-777 dövlət nömrə nişanlı “Bentley” və 90-KH-900 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillər aşkar edilib.

V.Hacıyev vaxtaşırı olaraq medianın və blogerlərin gündəminə gəlib. Onun ən sərt tənqidçisi isə qohumu, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir. Xüsusilə V.Hacıyevin kirayədə qaldığı barədə ötən il məlumat yayıldıqdan sonra onun sərvəti haqda mediada məlumatlar tirajlandı.

İcra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda böyük biznesi olduğu da qeyd edilmişdi. V.Hacıyevə aid olduğu iddia edilən və bir neçə dəfə mediada yayılan mülkləri bir daha təqdim edirik:

* Bakıda, Həsən Əliyev küçəsində villa
* “Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
* Nərimanov rayonu, S.Rəhman küç. ev 45 ünvanında mənzil
* Teymur Əliyev küç. "Milyonçular məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
* İmişli rayonunda, H.Əliyev küç. ev 126 ünvanında mənzil
* Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
* Dubayda biznesi
* Qazaxıstanda tikinti biznesi
* 10 PP 369 dövlət nömrə nişanlı “Bentli”
* 10 PP 369 nömrə nişanlı “Lənd Rover”
* 90 AA 369 dövlət nömrə nişanlı “Mersedes S Klass”
* Son model "Mersedes Gelandevagen".

V.Hacıyevin İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri olduğu da iddia edilib.

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bununla bağlı sosial şəbəkədə status paylaşıb.

Cənub klubunun təmsilçisi sabiq icra başçısının maddi imkanlarını AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla obrazlı şəkildə müqayisə edib: "Həbs edilən icra başçılarının varidatı Elxan Məmmədovun evinin xususi hazırlanmış döşəməsi belə etmir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı