Sumqayıtda idmançının dəhşətli qətli: dostu da narkotikdən ölüb - TƏFƏRRÜAT

21 Mart 2020 13:26 Qalmaqal 1 388
Sumqayıtda idmançının dəhşətli qətli: dostu da narkotikdən ölüb - TƏFƏRRÜAT

Sumqayıtda dəhşətli qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha 3 nəfər də məsuliyyətə cəlb edilib. Onlar qətl hadisəsindən əvvəl baş verən davada iştirak ediblər. Hər üç şəxs ev dustaqlığındadır.

Sportinfo.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirləndirilən Turan Dadaşlının, xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Qədir Səfərov, Elşad Dadaşov və Rüstəm Xəlilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, qətlə yetirilən 1978-ci il təvəlüdlü Babayev Tahir Gülmurad oğlu idmançı olub. Amma o, bir müddət sonra idmanı buraxaraq narkotik vasitələrə qurşanıb. Hətta T.Babayev məhkumluq həyatı da yaşayıb. 2018-ci ildə həbsxanadan çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub.

Hadisə baş verən gün o, iş başında olubmuş. Müştərilərdən birinin telefonu onun avtomobilində qalıb. Müştəri isə hazırda həbs edilən Turan Dadaşlının anası olub. Tahir Babayevə zəng edərək telefonu istəyən zaman tərəflər arasında mübahisə yaranıb. Bu mübahisədən Turan xəbər tutub və Tahiri görüşə çağırıb.

Turan Dadaşlı anasına kobud cavab verdiyi üçün Tahir Babayev cəzalandırmaq istəyib. Görüş hadisə günü gecə saatlarında 11-ci mikrorayonda yerləşən "Xanə" kafesində olub. Turan hadisə yerinə yuxarıda adı çəkilən dostları ilə gəlib.

Tahir Babayev isə hadisə yerinə Ruslan Sadıqovla gəlib. Onlar arasında kafedə başlayan söhbət mübahisəyə, mübahisə isə sonda davaya çevrilib.

Kafedə olan zaman mübahisə ediləndə Ruslan Sadıqovun üzərinə qaynar çay tökülüb. Mübahisə kafenin həyətində davam edib.

Dava zamanı döyülən Tahir Babayev cibindən iki bıçaq çıxarıb. Bu zaman Turan Dadaşlı da əlini bıçağa atıb. Tahir Babayev Turana bir zərbə vursa da sonradan özü çoxsaylı bıçaq zərbələri alıb. 18 bıçaq zərbəsi dəyən Tahir Babayev hadisə yerindəcə keçinib.

Məhkəmə iclasında qətlə yetirilən Tahir Babayevin hüquqi varisi, həyat yoldaşı ifadə verib. Bildirib ki, Tahir Babayevin qətlə yetirildiyini hadisənin səhəri günü öyrənib:

"Mənim 4 aylıq körpəm var idi. Tahir gecələr hərdən gec gəlirdi. Taksi sürücüsü idi. Müştəri olanda gec gəlirdi. Mən də fikirləşdim ki, yəqin buna görə gəlməyib. Səhər isə bu hadisədən xəbər tutdum".

Suallara cavab verən hüquqi varis təqsirləndirilən şəxsləri tanımadığını deyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs olan Ruslan Sadıqovun anası da hüquqi varis kimi dindirilib.

Məlum olub ki, hadisədən bir müddət sonra Ruslan Sadıqov dünyasını dəyişib. Onun ölüm səbəbi isə narkotik vasitədən istifadə etməsi olub.

Mərhumun anası ifadə verən zaman deyib ki, hadisə günü oğlu evə yaralı vəziyyətdə gəlibmiş: "Sinəsi, qolu qızarmışdı. Mən dedim bəlkə kimsə onu yerdə sürüyüb. Soruşanda dedi ki, qaynar çay tökülüb. Dava etdiklərini dedi. Tahirin öldüyünü isə sonradan bildim".

Suallara cavab verən hüquqi varis bildirib ki, oğlu daha əvvəl narkotik vasitə istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

Məhkəmə araşdırması davam etdirilir. Anket məlumatları dəqiqləşdirildiyi zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən Elşad Dadaşov və Qədir Səfərov daha əvvəl cinayət əməli törədiblər.

Qədir Səfərov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. 39 yaşlı Səfərov adam öldürməkdə də ittiham edilərək ömrünün yarısını həbsxanada keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?