Gənclər və İdman İdarəsindən cavab - "Bizdən torpaq sahəsi və əməkhaqqı istəyir"

3 Fevral 2020 20:34 Qalmaqal 988
Gənclər və İdman İdarəsindən cavab -

Dünən saytımızda azərbaycanlı güləşçi, 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanmış 6 qat Azərbaycan çempionu, ötən il Xorvatiyanın paytaxtı Zaqrebdə dünya üçüncüsü olmuş sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmamızın üzvü Əbülfəz Nəsirov haqda məlumat vermişdik. İdmançının əmisi Bakıxan Nəsirov saytımıza açıqlamasında Şirvan şəhəri Gənclər və İdman İdarəsi və şəhər rəhbərliyinin 17 yaşlı pəhləvanla maraqlanmadığını, ona lazımı qayğının göstərilmədiyini bildirmişdi:

"Əbülfəzin atası çoxdan rəhmətə gedib, ona mən baxıram. Rayonda kiçik ticarətlə məşğul oluram, onun sağlam yaşaması, idmandakı uğurlarını çoxaltması, Azərbaycana, Azərbaycan idmanına xeyir verməsi üçün bacardığımı edirəm. Ancaq normal yaşamaq, belə bir idmançını saxlamaq üçün tələb olunan xərclər mənim imkanlarım xaricindədir.

Bilirsiz ki, bir idmançını daimi rejimdə, normada saxlamaq üçün xeyli maliyyə vəsaiti tələb olunur. Doğrudur, Gənclər və İdman nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi Əbülfəzə maliyyə yardımı edir. Amma onun aldığı 300 manat Bakıda yaşadığı evin kirayə pulunu ödəmir heç. 10 ildir Şirvanı Azərbaycanda, Azərbaycanı isə dünyada, beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edən belə uşaqları itirmək olmaz.

Dəfələrlə Şirvan şəhər Gənclər və İdman idarəsinin müdiri Azər Quliyevə müraciət etmişəm, heç bir köməklik göstərməyib. Şəhər icra hakimiyyətinin başçısının qəbuluna belə, düşə bilmirəm. Ona görə sizdən xahiş edirəm ki, müraciətimi aidiyyatı üzrə dövlət dairələrinə çatdırasız. Mənim başqa bir istəyim yoxdur. Əbülfəz yığma komandanın üzvüdür, ona görə rayonda yaşaması alınmır, Bakıda kirayədə qalırlar. Orada yaşamaq isə ailəyə çox baha başa gəlir, məsrəfləri ödəməyə gücümüz çatmır. Bu ailənin başqa yerdən bir gəliri yoxdur. İnanıram ki, cənab prezident İlham Əliyevin idmana, idmançılara maksimum dəstək olduğu bu zamanda Əbülfəz diqqətdən kənarda qalmayacaq".

Məqalə saytımızda dərc olunduqdan bir neçə saat sonra isə Şirvan Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev bizimlə əlaqə saxlayaraq, Bakıxan Nəsirovun ittihamlarına cavab verib. Əbülfəzə bu günə qədər bacardığı köməkliyi etdiyini söyləyən Quliyev əmisinin güləşçini şəxsi maraqlarına qurban verdiyini bildirib:

"İdmançının əmisi orada bəzi fikirlər səsləndirib. Əbülfəz Nəsirov həqiqətən də bizim Şirvan şəhərinin ən perspektivli idmançılarındandır. Həmişə də nəinki bizim, şəhər rəhbərliyi tərəfindən də qayğı ilə təmin olunub. Güləşçi ötəl il Zaqrebdə 3-cü yer tutanda şəxsən mən onun ümumşəhər tədbirində şəhər rəhbərliyi ilə görüşünü təşkil etmişəm. Həmin görüşdə Əbülfəzə 1000 manat məbləğində maddi yardım olunub. Onun 300 manatını mən öz daxili imkanlarım hesabına vermişəm. Bundan başqa, 2019-cu ilin mart ayında Novruz bayramı qabağı 300 manat məbləğində vəsaiti yenə maddi yardım şəklində Əbülfəzin əmisinə göndərmişəm. Perspektivli və Şirvanı təmsil edən idmançı olduğu üçün onun gənclərin forumunda şəhər nümayəndə heyətinin tərkibində iştirakını təmin etmişəm. Biz daim bu idmançıya qayğı göstəririk.

Sadəcə, əmisinin istək və arzuları var. Bunu isə idarə olaraq, bizim həyata keçirməyimiz qeyri-mümkündür. Torpaq sahəsi istəyir. Gənclər və İdman İdarəsi olaraq, mən ona torpaq sahəsini necə verə bilərəm? Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bundan başqa, əmisi deyir ki, Əbülfəzə əməkhaqqı kartı ver, istifadə edə bilsin. Biz İdman İdarəsi olaraq, ona əməkhaqqı kartı verə bilərikmi? Buna baxmayaraq, vəzifəmizdən asılı olmayaraq, gənclərə və idmana qayğı göstərmək bizim hamımızın borcumuzdur. Nə etmişiksə, bunu öz təşəbbüsümüzlə idmana qayğı çərçivəsində etmişik. Ancaq bu gün əmisinə torpaq sahəsi, onun özünə isə Bakıda istifadə üçün əməkhaqqı kartı vermək mənim səlahiyyətimdə deyil. Buna baxmayaraq, Bakıxan Nəsirovun istəklərinə görə aidiyyatı yerlərlə danışmışam. Biz dövlət idarəsiyik. Hansısa kommersiya təşkilatı və biznes obyekti deyil ki, buranı istədiyimiz kimi idarə edək. Bəlli maddələr üçün dövlət tərəfindən bizə müəyyən vəsait ayrılır. Bu vəsaitlə idmançını əməkhaqqı və ya Bakıda yaşayışla təmin etmək maddəsi yoxdur. Bunun üçün xüsusi klublar var, federasiya var. Onların vəzifəsi yığma komandalarda təmsil olunmuş idmançıların saxlanılmasını təmin etməkdir. Bu, idarələrin işi deyil. Biz Gənclər və İdman Nazirliyinə tabe olan yerli qurumuq. Bizim vəzifəmiz yığma komandaya idmançı verməkdir. Orada idmançı saxlamaq deyil. Bu vəzifə bizə əsasnamə ilə təqdim olunur: rayon və şəhərdə idmanın kütləviliyinə nail olmaq və yığmaya idmançı vermək.

Onun əmisinin son vaxtlar mənə qarşı bir qıcığı var. Bundan əvvəlki icra başçımızdan iki dəfə xahiş etdim ki, Əbülfəzi qəbul edək. Onların görüşünü təşkil etdim, şəxsi maraqları ucbatından nə özü gəldi, nə də idmançını göndərdi. Yeni içra başçısı təyin olunub. Teleqram vurub ki, məni qəbul edin. İcra hakimiyyətindən bildiriblər ki, görüşə gəl, o isə yenə imtina edib. Bunun günahkarı mən deyiləm ki? Dünən Gənclər Günü tədbiri keçirdik. Şəhərin bütün titullu idmançıları dəvət olunmuşdu. Bildim ki, Əbülfəzi dəvət etsək, yenə gəlməyəcək. Çünki əmisinin mənə qarşı qıcığı var. Əbülfəz özü mərifətli, perspektivli, yaxşı uşaqdır. Mən öz üzərimə düşəni, hətta bundan artığını etmişəm. Torpaq təminatı və əməkhaqqı kartı məsələsini isə mən həll edə bilmərəm. Çünki mənim səlahiyyətimdə deyil".

Qeyd edək ki, Əbülfəz Nəsirov "Neftçi" İdman Klubunun üzvüdür. Millimizin güləşçisinə "Neftçi"dən deyilib ki, bu aydan ona kömək edəcəklər

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı