"Rəhbərlik hələ 1 ay bundan qabaq klubun fəaliyyətini dayandırması ilə bağlı qərar qəbul etmişdi. PFL-ə də məktub göndərilmişdi. Sadəcə, qurum məlumatı gec açıqlayıb".
Bu sözləri Sportinfo.az-a açıqlamasında danışılmış oyunlara görə birinci diviziondan kənarlaşdırılan "Ağsu"nun baş məşqçisi Zaur Əsədov deyib. Çalışdırıcının sözlərinə görə, PFL-in açıqladığı qərar artıq klubun fəaliyyətini dayandırması deməkdir:
"Bəli, bu artıq klubun fəaliyyətini dayandırmasıdır. Artıq hər şey dəqiqləşdi. Çünki bir həftədən sonra oyunlar başlayır. Gələn mövsüm necə olacağını deyə bilmərəm".
Öz aqibəti haqda da danışan Əsədov bu işdə əli olanları qınayıb: "Bundan sonra nə edəcəm? Heç nə, oturub gözləyəcəm. Görüm, hardan təklif gəlir, bir variant çıxır. İmkan vermədilər, 3-4 ay yerimizdə oturaq. Bu cür hallara çox pis baxıram. Gərək, belə olmazdı. Yəqin, bunu fikirləşməyiblər.
Burada neçə nəfər çörəkpulu qazanırdı. Ən azından uşaq futbolu var idi. 5 yaş qrupu üzrə komandalarımız var idi. Hamısı birinci yerdə gedirdi. Onların günahı nə idi? Düşünürdüm ki, ən azı onları saxlayarlar. Qalsaydı, futbolumuza xeyiri dəyərdi. Eşitdiyimə görə, hamısı ləğv olunub. Sonrası necə olacaq, bunu bilmirəm".
Məşqçi məlum hadisədən sonra komandanın çempionata gənclərlə davam edəcəyini gözləyirmiş: "Vəziyyəti düzəltmək olardı. İkinci dövrədə komandanı gəncləşdirmək fikrim var idi. Rəhbərlik də danışmışdım. Yolumuza gənclərlə davam edəcəyimizi gözləyirdim. Onlar da dedilər ki, baş məşqçi sənsən, necə istəyirsən, elə edək. O da belə alındı.
Halbuki orada akademiya tikmək istəyirdilər, gələcəyi yaxşı olmalı idi. Amma oyun alqı-satqısı rəhbərliyi çox əsəbləşdirdi. Bu insan neçə ildir futbola baxır, komanda üçün hər şərait qurulmuşdu. Bundan artıq nə lazım idi ki? Sadəcə, futbol oynayıb, pul qazanmaq lazım idi. Bu işlərə əl atmaq heç də yaxşı iş deyil".

