Oyun alverinə görə "Keşlə"dən uzaqlaşdırılan: "Səhv etmişəm"

8 Yanvar 2020 16:15 Qalmaqal 1 510
Oyun alverinə görə "Keşlə"dən uzaqlaşdırılan:

2019-cu ilin son günlərində "Binə"də işlədiyi dönəmdə danışılmış oyunlarda iştirakı şübhə doğurduğu üçün AFFA tərəfindən futboldan uzaqlaşdırılan və istintaqa cəlb olunan "Keşlə"nin sabiq inzibatçısı Asəf Səfərov Sportinfo.az saytına müsahibə verib.

- Baş verənlərlə bağlı fikrinizi öyrənmək maraqlı olar.

- Hələlik konkret bir qərar yoxdur, bir söz deyə bilmərəm. İstintaq davam edir. Hər şeyə istintaq başa çatandan sonra aydınlaşacaq.

- İstintaqa çağırılmısız. Danışılmış oyunlarda iştirak etdiyinizlə bağlı konkret ittiham var, razısız?

- Nəyə razılaşım? İstintaqa lazım olan ifadə vermişəm. O ittihamla bağlı mən tərəfdən böyük bir şey olmayıb. Yəqin ki, ayın 12-13-ü qərar açıqlanar.

- Yalnız "Binə"dəki fəaliyyətinizlə bağlıdır ittiham, yoxsa...?

- Bəli, "Binə"də işlədiyim dönəmə aiddir. İstintaqın qərarını gözləyirəm. Ondan sonra harasa müraciət etmək olar.

- Bayramqabağı futboldan, "Keşlə"dən uzaqlaşdırılmağınız gözlənilməz oldu?

- Yox. İstintaqa gedib ifadə verdiyim günün ertəsi "Keşlə"dən işdən azad olunmaqla bağlı özüm ərizəmi yazmışdım.

- "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovdan bu məsələdə sizə köməklik göstərməsini xahiş etməyinizlə bağlı xəbərlər var.

- Xahiş-kömək ancaq istintaq qurtarandan sonra eləmək olar. Amma Zaur müəllimə mənə kömək etməsi üçün xahiş etməmişəm. Sadəcə, istintaqa çağırıldığım gün Zaur müəllimi məlumatlandırmışam ki, məni hüquq-mühafizə orqanlarına dəvət ediblər, vəssalam.

- İstintaqa verdiyiniz ifadədə günahkar olduğunuzu etiraf etmisiz?

- ....

- Hər halda danışılmış oyunlarda ittiham edilib futboldan uzaqlaşdırılmağınızdan söhbət gedir...

- Mətbuatı oxuyuram, hərdən həqiqət olmayan şeylər yazılır. Allahın köməyilə hər şey istintaqdan sonra aydın olacaq.

- O zaman belə soruşum, özünüzü günahkar hesab edirsiz, yoxsa yox?

- Yox, mən niyə günahkar olmalıyam?

- Oyun alqı-satqısında iştirakınızdan yaranan şübhədən dolayı futboldan uzaqlaşdırılıb, istintaqa çağılımısız, ifadə vermisiz. Günahkar deyilsiz?

- Hardasa səhvim olub. Bunu danmıram, səhvsiz insan yoxdur. Ancaq mən oyun alqı-satqısı edən adam olsaydım...

- Yaxşı, bəs harda səhv etmisiz?

- Səhv elədiyimi özüm bilirəm. Mən indi bunu sizə deyə bilmərəm axı. İstintaq hələ başa çatmayıb. Orada ifadəmi vermişəm, olanı demişəm. Nə varsa, onu. Mənim alnım açıqdır. Düzdür, səhvim var. Amma heç nədən qorxan, çəkinən adam deyiləm. Futbol olmasın, fəhləlik olsun, harda olsa, 3-5 manat çörək pulumu qazana bilərəm. Ancaq elə şeylər var ki, mən onu qəbul edə bilmərəm. Ona görə haqqımda verilən məlumatların hamısı doğru deyil. İstintaqda məndən nəyin necə olduğunu soruşublar, cavab vermişəm. Haqqımda irəli sürülən ittihamlarda mənə tamamilə yad olan məqamlar var idi, bununla razılaşa bilmərəm. Nə varsa, onu demişəm. Mən rahatam. Çünki bu məsələdə mən tərəfdən böyük bir şey olmayıb. Doğrudur, konkret olaraq bu səhvi eləmişəm. Lakin dərin mənada başa düşməyərəkdən etmişəm.

- Mehman Babayevlə sizi bir yerdə dəvət etmişdilər istintaqa?

- İkimiz bir yerdə olmuşduq.

- Baş verənlərə baş məşqçiniz Tərlan Əhmədovun reaksiyaı necə oldu?

- Mən şəxsən utanıram. O kişinin üzünə baxa bilməyəcəm. Ərizəmi də məhz buna görə yazmışam. Çünki Tərlan müəllimin üzünə baxa bilməzdim. Üzrxahlığımı elədim, özünə də dedim ki, bu səhvi mən etməməliydim.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!