Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkə üzrə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeymer şirkətlərində mərc hesabı var.
Qurum rəhbəri bildirib ki, həmin hakimlərdən 152-si aktiv şəkildə mərc oynayır. Məlumat onlara dövlət qurumlarından verilib.
Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.
TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlara qanunlara əsasən cəzalandırılacaq”.
Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb:
“Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.
Bu, qardaş ölkənin futbol həyatının mənzərəsidir. Və problem yalnız onlara aid deyil. Aşağı-yuxarı eyni hallar Azərbaycan futbolunu da əhatə edir.
Sadəcə, nədənsə AFFA son vaxtlar mövcud istiqamət üzrə araşdırmaları bir qədər arxa plana keçirib. Hər halda aktiv çalışmadıqlıarı görünür. Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıq və peşəkardır.
İndiyədək futbol sahəsinə bağlı hansı ciddi addımlar atılıbsa, hamısında güc strukturlarının böyük payı və əməyi var.
Müvafiq dövlət qurumlarının köməyi sayəsində futbol sektoru son 10 ildə xeyli «parazit»dən təmizlənib. Onlarla futbolçu, məşqçi, hakim və funksioner futboldan ömürlük uzaqlaşdırılıb.
Mərc oyunlarına pul qoyluşu etmək qlobal problemdir. Bizim fikrimizcə, AFFA hüquq-mühafizə orqanları ilə yenidən sıx təmasa keçməlidir.
Ölkə çempionatına təyinat alan bütün hakimlər araşdırma arealına daxil edilməlidir. Burada Premyer Liqanı I Liqadan, I Liqanı II Liqadan ayırmaq olmaz. Əvəzedicilər Liqası və Gənclər Liqası da bu «dairə»dən kənarda qalmamalıdır.
Çünki hazırda bütün klublar «fit sahibləri»ndən şikayətçidir. Elə tur, elə oyun olmur ki, hansısa baş məşqçi və ya futbolçu hakimlərin qərarlarından narazılığını dilə gətirməsin.
Əlbəttə, şübhəli məqamlar çoxdur. «Ədalət təmsilçiləri» bir çox hallarda elementar səhvlərə yol verir, bunlar da nəticəyə təsir göstərir.
Güman edirik ki, AFFA güc orqanları ilə birlikdə hərtərəfli əməkdaşlığı sürətləndirsə, nə qədər hakimin «paxır»ının üstü açılacaq.
Demirik onlarla, ancaq 7-8 «fit sahibi»nin oyunlara «stavka» qoymasından biz də şübhələnirik. Premyer Liqa göz qabağındadır, bütün oyunları televiziya vasitəsilə canlı yayımlanır.
Bununla belə, elitada hakim xətaları baş alıb gedirsə, görün, mavi ekrandan kənarda qalan I Liqa və II Liqada nələr yaşanır! Bu liqaları canlı izləyənlər azdır, ancaq orada elə hadisələr olur ki…
ELNUR

