“Havayla dolana bilmərik, sözü bir yerə qoymuşuq ki, oyunlara çıxmayaq”

20:00 Qalmaqal 740
“Havayla dolana bilmərik, sözü bir yerə qoymuşuq ki, oyunlara çıxmayaq”

II Liqada üçüncü mövsümünü keçirən «Quba»da vəziyyət yenə qarışıb.

Elvin Həsənovun buranı «Şəki»yə dəyişməsi düşərgəni bir-birinə vurub.

Baş məşqçinin ardınca 10-dan artıq futbolçu da şimal təmsilçisi ilə vidalaşıb.

Redaksiyamızla əlaqə saxlayan oyunçular komandada ümumi durumun olduqca pisləşdiyini, maliyyə cəhətdən öhdəliklərin yerinə yetirilmədiyini bildiriblər:

«Əsəkhaqlarımız ödənilmir. Neçə vaxtdır gözümüz yoldadır.

Klubun prezidenti Ayaz Abdullayevə dəfələrlə müraciət etmişik, bizə «bu gün-sabah» deyib. Çox vaxt da telefonlarımıza cavab vermir.

Bilmirik gedib kimin qapısını döyək, dərdimizi kimə deyək… Bakıdan olan uşaqlar daha Qubaya gəlmir.

Başqa rayonlardan olanlar da komandadan üz döndərib. Düşərgədə qalanlar beş-altı nəfər yerli uşaqdır.

Nə normal yemək verirlər, nə də məşq etməyə yer tapırıq. Elə yollarda qalmışıq.

Meydança olmadığından, normal məşq keçə bilmirik. Elvin müəllim bezib getdi.

Rəhbərlik ona nə vəd veribsə, heç birini yerinə yetirməyib. Baş məşqçi öz cibindən uşaqlara nə qədər pul verib.

Hamı elə ona görə «Quba»dan gedir. Köməyi yalnız baş məşqçidən görmüşük, bu adamlarla bir yerdə qalmaq istəmirik daha.

Futbolçular bilmir Elvin müəllimin borcunu necə qaytaracaq. Neçə vaxtdır maaşlar verilmir, haradan tapaq o pulu?

Sözü bir yerə qoymuşuq ki, qarşıdakı kubok və çempionat oyunlarına çıxmayaq. Biz havayla dolana bilmərik.

Hərəmiz bir ailədən gəlmişik, ehtiyaclarımız çoxdur».

Digər Xəbərlər
Xəbər Lenti