.jpg)
Ötən həftə Fransaya 0:3 hesabı ilə uduzan Ukrayna seçməsi Bakıda növbəti xal itkisi ilə üzləşdi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabı açsa da, Emin Mahmudov penalti qolu ilə həm rekordu yenilədi, həm də yekun nəticəni müəyyənləşdirdi.
İslandiya ilə ikincilik mübarizəsində vacib 2 xal itirən Ukraynanın məlum durumla üzləşməsinə dost ölkədən olan həmkarlarınız fərqli münasibət göstərib.
Düşünmək olardı ki, meydana arxayın çıxan, qol imkanlarını sağa-sola xərcləyən futbolçularını çarmıxa çəkib, baş məşqçi Sergey Rebrovdan hesabat xarakterli yazılar dərc edəcəklər.
Ancaq yox.
Ukraynanın bir neçə idman saytına nəzər yetirəndə, jurnalistlərin günahı özlərində yox, bizdə tapdıqlarını görmək mümkündür.
Təkcə football.ua saytında qeyd olunanları oxumaq kifayət edir:
“Ukrayna millisi gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etmək üçün çıxdığı yolda növbəti matçını keçirdi.
Bir neçə gün əvvəl Vrotslavda Fransa seçməsinə uduzan (0:3) “sarı-göylər”in uzaq Bakı səfərində Azərbaycanla baş tutacaq oyuna hazırlaşmaq üçün vaxtı çox az idi.
“Uçrənglilər”in vəziyyəti də yaxşı deyildi. İslandiya səfərində qeydə alınan 0:5 hesablı darmadağın məşhur portuqaliyalı mütəxəssis Fernandu Santuşun nokauta (istefaya) göndərilməsinə səbəb olmuş, yığma U-21-in baş məşqçisi Ayxan Abbasova tapşırılmışdı.
0:5-dən sonra tapşırıq nə ola bilərdi? Müdafiəni bərkitmək.
Rəqib 5-li müdafiə sxemindən əl çəkməmişdi ki, azərbaycanlıların futbol meydanı kimi gördüyü, əslində bostanı xatırladan yaşıllıqda bu sxemlə oynamaq onlar üçün ən əlverişli üsul idi. Ukrayna millisi oyunboyu topa nəzarəti əlində saxlasa da, futbolçuların adi vəziyyətlərdə belə, ötürmə səhvlərinə yol verməsi qazonun durumuna görəydi.
Meydan sahibləri müdafiədə “oturmaqla” gizli planını əks-hücumların üzərində qurmuşdu. Bu mənada Cəfərquliyevin yer aldığı sol cinah aktiv görünürdü”.
İlya Beryoza müəllifi olduğu yazıda Emin Mahmudovu millimizin tarixində 15 qolla ən sərrast futbolçu adına yiyələnməsinə görə təbrik edib, reportajın sonunda bu cümlələri işlədib:
“Sona yaxın Zubkovla Voloşinin zərbələrində dəqiqlik çatmadı. Bitdi! Topu rəqibin cərimə meydançasına vurmaqla qalib ola bilməzsən”.
HƏBİB / SPORTİNFO.AZ