
“Kəpəz” cari mövsümdə ardıcıl ikinci oyunda məğlub oldu.
Açılış turunda “Sumqayıt”dan 3 cavabsız top buraxan Gəncə təmsilçisi bu dəfə “Karvan”a boyun əydi – 2:3.
Gəncədən gələn “Xəmsə”nin 50-yə yaxın üzvü matçboyu susmaq bilmədən sevimli komandalarını qələbəyə səsləməklə diqqət çəkirdi.
Hətta matçın sonlarında – “sarı-göylər” hesabda 1:3 geri olduğu anlarda belə, dəstəklərini əsirgəmirdilər.
Əli Əliyevin final fiti səslənən kimi azarkeşlər coşdu, nə coşdu.
“Xəmsə”də yer alanlar futbolçularla məşqçi heyətini tribunanın qarşısına səslədi ki, bu an narazılıq dalğası pik həddə çatdı.
Hədəf nöqtəsində baş məşqçi Adil Şükürov idi. 2023/24 mövsümünün yekununda “Kəpəz”i Premyer Liqada saxlayan çalışdırıcıya kəskin narazılıqlarını eşitdirib, ünvanına “haram olsun, Adil!” şüarını səsləndirdilər.
Fanatların etirazını anlayışla qarşılayan Şükürov tribunalara cavab vermədən meydanı tərk etdi. Və həmin anda digər tribunada yer alan bir qrup gəncəlidən dəstək alqışlarını qəbul etdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN