
II Liqada çıxış edən «Şimal»da hamı bir-birinə qarışıb.
Xaçmaz təmsilçisinin düşərgəsindən növbəti xoşagəlməz xəbər almışıq.
Redaksiyamıza daxil olan məlumata görə, kapitan Tural Cəlilov fiziki təzyiqə məruz qalıb. Komandanın bir neçə üzvünün adıçəkilən müdafiəçiyə əl qaldırdığı, döydüyü bildirilir.
Yeri gəlmişkən, məlumunuz olsun ki, AFFA II Liqanın 25-ci turunda keçirilən «Hypers» - «Şimal» matçının (2:1) nəticəsi ilə bağlı araşdırmaya başlayıb. Çünki bu oyunla əlaqəli federasiyaya müəyyən siqnallar daxil olub.
Qurumdan şübhəli məqamların araşdırılmasında köməklik üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılıb. Yaxın günlərdə hər iki komandadan bir neçə futbolçunun sorğu-sual olunması üçün Bakıya çağırılması gözlənilir.
Bildirək ki, I Liqaya vəsiqə qazanan «Şimal»ın düşərgəsində xoşagəlməz hadisə baş verib. Olay «Hypers»lə qarşılaşmadan sonra yaşanıb.
Belə ki, Qubada 1:2 hesabıyla uduzan qonaqların futbolçuları «bir-birinə girib». Şimal derbisində alınan məğlubiyyət «Şimal»lıları iki hissəyə bölüb.
Paltardəyişmə otağına daxil olan oyunçulardan bir qismi yoldaşlarının üzərinə yeriyib, vurmağa cəhd göstəriblər. Buna səbəb onların qələbə üçün can yandırmaması olub.
Yenilgidən üzülən qrup digər komanda yoldaşlarının ünvanın ağır ittihamlar səsləndirib, uduzmaq üçün qəsdən belə zəif oynadıqlarını söyləyib.
Bu iradlar kapitan Tural Cəlilova da aid edilib. Kollektivin lideri sayılan müdafiəçi maaş və zədəylə bağlı problemlərin zəif oynamaqlarına təsir göstərdiyini desə də, onunla razılaşmayıblar.
Olay klub rəsmiləri və məşqçilərin köməyi ilə yatırılıb.
«Hypers» bu qələbə sayəsində xal ehtiyatını 48-ə çatdırıb və turnir cədvəlinin dördüncü pilləsində qalıb. Qubalılar son turda «Araz Saatlı»ya qalib gəlsə, pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Burada isə onlar I Liqada doqquzuncu yeri tutmuş komandaya rəqib olacaqlar.
SPORTİNFO.AZ