
I Liqaya vəsiqə qazanan «Şimal»ın düşərgəsində xoşagəlməz hadisə baş verib.
Hadisə II Liqanın 25-ci turunun «Hypers»lə matçından sonra yaşanıb.
Belə ki, Qubada 1:2 hesabıyla uduzan qonaqların futbolçuları «bir-birinə girib». Şimal derbisində alınan məğlubiyyət «Şimal»lıları iki hissəyə bölüb.
Paltardəyişmə otağına daxil olan oyunçulardan bir qismi yoldaşlarının üzərinə yeriyib, onları vurmağa cəhd göstərib. Buna səbəb onların qələbə üçün can yandırmaması olub.
Yenilgidən üzülən qrup digər komanda yoldaşlarının ünvanın ağır ittihamlar səsləndirib, uduzmaq üçün qəsdən belə etdiklərini söyləyib.
Bu iradlar kapitan Tural Cəlilova da aid edilib. Kollektivin lideri sayılan müdafiəçi maaş və zədəylə bağlı problemlərin zəif oynamaqlarına təsir göstərdiyini desə də, onunla razılaşmayıblar.
Olay klub rəsmiləri və məşqçilərin köməyi ilə yatırılıb.
«Hypers» bu qələbə sayəsində xal ehtiyatını 48-ə çatdırıb və turnir cədvəlinin dördüncü pilləsində qalıb. Qubalılar son turda «Araz Saatlı»ya qalib gəlsə, pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Burada isə onlar I Liqada doqquzuncu yeri tutmuş komandaya rəqib olacaqlar.
SPORTİNFL.AZ