COP29

Komitə sədri: "Neftçi”nin prezidenti ona deyib ki...”

22 Aprel 2023 22:40 Qalmaqal 631
Komitə sədri: "Neftçi”nin prezidenti ona  deyib ki...”

Sportinfo.az AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovun müsahibəsini təqdim edir:

– İntizam Komitəsi "Neftçi"nin prezidenti Kamran Quliyevi 5 oyunluq cəzalandırıb. Siz özünüz də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" – "Neftçi" matçında AFFA nümayəndəsi olmusunuz. Orda nə baş vermişdi?
– Fasilədə Kamran Quliyev tunelə daxil oldu. Mən ora ondan hardasa 10-15 saniyə gec girdim. Ora daxil olanda Kamran Quliyevlə hakimlərin arasında hansı söhbətin olduğunu eşitmədim. Sonradan hakimlərlə əlaqə saxladım. Onlar mənə dedi ki, Kamran Quliyev təzyiq göstərmək istəyib. Çünki qarşıda 2-ci hissə vardı.

– Ümumiyyətlə, hakimlərin bu sözü sizə deməyi bunu protokollaşdırmağa əsas yaradırmı? Ola bilməzmi, hakim də emosiyalarına qapılıb bir az məsələni şişirtsin?
– İntizam Komitəsinin çıxardığı qərarlar hakimlər və oyunun hakim-inspektorunun yazdığı raportlar əsasında verilir. Onların yazdıqları əsas götürülür. Hakimlər yeganə şəxslərdir ki, onların verdiyi qərarlar ləğv olunmur. Əgər sarı və qırmızı vərəqələr səhv də verilsə, olduğu kimi qalır.

– Bəs hakimə təzyiq olunarkən hansı ifadələr işlədilib?
– Baş hakim Rəşad Əhmədov mənə dedi ki, Kamran Quliyev ona rus dilində "adam kimi hakimlik et" deyib. Bu da təhqirin bir növüdür. Sən ərkin olmadığın, şəxsi tanışlığın olmadığı bir insana bu sözü desən, təhqir sayılır.

– Əslində bu cümlə tam da təhqir hesab olunmur. Yəqin ona görə qərarda təhqirə görə yox, "oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə" sözü əks olunub...
– Açığı, mən Tovuzdan bu gün qayıdıram (müsahibə dünən alınıb – S.M.). Ona görə də İntizam Komitəsinin son iclasında iştirak etməmişəm. Qaydalarda yazılıb ki, əgər İntizam Komitəsinin sədri iclasda iştirak edə bilmirsə, onu müavini və ya aparılan vəzifə bölgüsünə görə üzvlərdən biri əvəzləyə bilər. Məndə müavin yoxdur. Ona görə Məlik Həsənovu, o olmayanda da Aslan Şahgəldiyevi yerimə əvəzləyici təyin etmişəm.

– Matç 19 apreldə olub. Siz nə əcəb oyundan dərhal sonra Bakıya qayıtmamısınız?
– Oyun bitəndən sonra Bakı qatarına çatmırdım. Maşınla da gecə çıxmaq çox təhlükəlidir. Bizim hakim-inspektor (Ceyhun Haşımovu nəzərdə tutur – S.M.) elə olub oyundan gələndə qəzaya düşdü. Ona görə də indi avtobusla Bakıya qayıdıram.

– 5 oyunluq cəzadan 3-ü şərti olaraq açıqlanıb. Komitə sədri kimi cəzanın konkret nədən ibarət olduğunu deyə bilərsiniz?
– İntizam Məcəlləsində bu qayda var. Kamran Quliyev 2 matç komandanın soyunub-geyinmə otağına düşə, oyunçularla ünsiyyət qura, məşq vaxtı meydanın kənarında ola bilməz. Amma VIP-də klub prezidenti və ya tribunada azarkeş kimi matça baxa bilər. Bir şeyi də deyim ki, bu cəza ancaq kubok oyunlarına aiddir, cəza Premyer Liqa matçlarına şamil edilmir. Bu adam bir də oyunlar zamanı qayda pozuntusuna yol verməməlidir. Yol verəcəyi halda, həmin 3 oyunluq şərti cəza da əsas cəza kimi nəzərdə tutulacaq. Bu şərti cəzaların minimum sınaq müddəti 6 ay, maksimum 24 ay olur. Kamran Quliyevin şərti cəzasının sınaq müddəti 6 aylıqdır.

– Ötən ayın əvvəlində AFFA İcraiyyə Komitəsi sizin komitənin tərkibində dəyişiklik etdi. Ömər Paşayev, Aslan Şahgəldiyev, Ramil Cahangirov kimi şəxslər İntizam Komitəsinə üzv təsdiq olundular. Yeni üzvlərin işini necə dəyərləndirirsiniz?
– Öməri çoxdan tanıyıram. Onun işi yaxşı yox, əladır. O biri yoldaşları da tanıyırdım, amma birgə işbirliyimiz olmamışdı. Onlarla iş müddətim heç 2 aya çatmır. Zaman göstərəcək hər şeyi.

– Əvvəl sizin komitənin üzvləri içərisində İlqar Əliyev və Cahangir Həsənzadə də vardı. Onlar niyə üzvlükdən çıxarıldılar?
– Bəli, əvvəl onlar da vardı. Amma bu sualın cavabını mən deyə bilmərəm. AFFA rəhbərliyi buna cavab verə bilər.

– Yəni, siz onlardan narazı deyildiniz? Bəlkə sizin də AFFA rəhbərliyinə bu yöndə tövsiyələriniz olub?
– Yox, qətiyyən onlardan heç bir narazılığım olmayıb. İnsan kimi də, iş yoldaşı kimi də onlarla həmişə yaxşı əlaqələrim olub. AFFA rəhbərliyi özü yaxşı bilər ki, hansı mənfi cəhətlərinə görə belə ediblər. İlqar müəllim əvvəl AFFA-da Lisenziyalaşdırmada müavin idi. Səhv etmirəmsə, yenə AFFA-da işləyir (prosport.az)...

Səbuhi Musa

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?