AFFA-ya sərt mesaj verdi: “Məndən qorxurlar - Mənimlə başbaşa gəlməyin”

4 Dekabr 2021 20:40 Qalmaqal 1 615
AFFA-ya sərt mesaj verdi: “Məndən qorxurlar - Mənimlə başbaşa gəlməyin”

Bir müddət əvvəl “Səbail”də çalışmağa başlayan Ramal Hüseynov cəzalanıb.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna U-16 Liqasının ROFM – “Səbail” oyununda baş verənlər səbəb olub. Hüseynov matçın 30-cu dəqiqəsində hakimi təhqir edib və hədə-qorxu gəlib. Bu üzdən onun 15 oyun stadiona girişinə qadağa qoyulub.

O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.

Vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Hüseynov paytaxt klubunda seleksiyaçı kimi çalışır. Hadisənin səbəbkarı Sportinfo.az-a açıqlamasında AFFA-nın qərarına sərt münasibət bildirib:

“Cəza problem deyil. Nə qədər cəza istəyirlər, o qədər versinlər. Bu, onların işidir. Mənə Allah cəza verməsin.

Açığı, mən hələ “Səbail”in rəsmi işçisi deyiləm. Klubla müqavilə bağlamamışam. Belə olduğu halda, hansı əsasla mənə cəza kəsiblər, çox qəribədir.

Hamı bilir ki, mən haqsızlığı sevməyən insanam. Stadionda oyuna baxırdım, gördüm ki, hakim komandaya qarşı qeyri-obyektivlik edir, penaltini verir.

Ona dedim ki, sən nə edirsən, burda penal yoxdur, uşaqların haqqını yemə. Özü də yan xətt hakimi də mən deyəni dedi ona.

Hətta bunu qışqıra-qışqıra dedi ki, “orada “onbirmetrə” yoxdur, vermə”. Orada balaca bir narazılıq olub, ancaq indi görürəm ki, balaca qarışqadan fil düzəldiblər.

Bunların problemi futbol deyil. AFFA-da oturan bəzi adamları o narahat edir ki, Ramal Hüseynov yenidən futbola qayıdıb.

Qorxmağa başlayıblar. Onlara üzümü tutub deyirəm ki, qorxmasınlar. Mənim onlarla işim yoxdur.

Həmin adamlara məsləhət görürəm ki, mənim meydanımda belə “oyunlar” oynamasınlar, gedib başqa yerdə oynasınlar. Mənimlə başbaşa gəlməsinlər, öz işləri ilə məşğul olsunlar.

Rəsmi işi, klubla müqaviləsi olmayan şəxsə necə 15 oyun stadiona girməmə cəzası verə bilərlər? Mənim "Səbail"lə hələ müqaviləm yoxdur.

Bu, onların zəifliyidir ki, mənim orada işləyib-işləməməyimlə maraqlanmayıblar. Bunlar kimdir ki? Neçə oyun istəyirlər, cəzalandırsınlar.

Sadəcə, sözüm İK-ədir ki, araşdırın görün, mən orada işləyirəm, ya yox, ondan sonra cəza verin. Futbol oynadığım vaxtlarda da belə cəzaları çox görmüşəm.

Maraqlıdır, onların özləri futbolu bilirlər? Hədə-qorxu nədir? Mən hədə-qorxu gəlmirəm, birbaşa içəridə sözümü deyib çıxıram.

Allahdan başqa heç kimdən çəkinəcəyim yoxdur. Uşaqlar meydanda əziyyət çəkir, axı.

Yan xətt hakimi deyir ki, qayda pozuntusu yoxdur, referi penalti verir. Sonra da qərarı ləğv edir. Buna Ramal Hüseynov nə etsin?

Mən təhqiri sevmirəm. Sadəcə, özlərinə hörmət qoysunlar. Qərardan apellyasiya şikayəti verməyəcəm. Bunlar mənim işim deyil. Elə şeyləri onlar yaxşı bacarır".

Digər Xəbərlər
Xəbər Lenti