Türkiyəli çalışdırıcı Rza Çalımbay bugünlərdə qardaş ölkə mediasında Azərbaycan futbolu ilə bağlı səsləndirdiyi açıqlamaları ilə gündəmə gəlib.
“Sivasspor”un sabiq baş məşqçisi AFFA-nın Fernandu Santuşu Azərbaycan millisinə baş məşqçi təyin etməsindən və Türkiyədən məşqçilərə etimad göstərməməsindən narazılığını gizlətməyib.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova danışan mütəxəssis səsləndirdiyi fikirlərə növbəti dəfə münasibət bildirib.
Qeyd edib ki, “Beşiktaş”dan ayrıldıqdan sonra ona İrandan təklif gəlib:
“O dönəmdə sizinlə danışmışdıq. Canlı yayımda da söyləmişdim ki, Azərbaycan milli komandasından təklif gözləyirəm.
Demişdim ki, orada çalışmağı çox istəyirəm. Nədənsə sonra xəbər çıxmadı”.
Tanınmış məşqçi dünən “Beinsport” kanalından yayımlanan “Günortası” verilişində Azərbaycan millisi ilə bağlı səsləndirdiyi fikirlərə də aydınlıq gətirib:
“Söylədiyim fikirlərin arxasındayam. Mən Azərbaycanı çox sevirəm, futbolunu da izləyirəm.
Azərbaycanı da Türkiyədən heç zaman ayrımamışam. Hər ikisi türk yığmasıdır.
Əgər inkişaf deyiriksə, 70 yaşlı birindən mədət ummaq olmaz. Hansı ki, Fernandu Santuşu mənim yerimə “Beşiktaş”a gətirdilər, sonra da istefaya göndərdilər.
Niyə bizə şans verilmədi? Sanki iki ölkənin futbolunu biriləri eyni qaydada idarə edir.
“Bir millət, iki dövlət” deyirik. Bütün sahələrdə münasibətlərimiz yüksək səviyyədədir.
Ancaq futbolla bağlı məsələdə niyə belə mövqe sərgilənir?
Təbii ki, eyni fikirləri Türkiyə millisi ilə bağlı da söyləyə bilərik. Bu qədər yerli çalışdırıcı olduğu halda niyə legioner baş məşqçi gətirilir?”.