U-21 son seçmə mərhələdə əldə etdiyi nəticə ilə ölkə futbolunun tarixində yeni göstəriciyə imza atdı.
Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Avropa çempionatının 2027-ci il seçmə mərhələsini 10 xalla başa vuraraq əvvəlki rekordu yenilədi.
Bu nəticə yalnız statistik göstərici kimi deyil, gənc futbolçuların seçimi, onların inkişafı və milli komandaya cəlb olunması baxımından da diqqətə layiqdir.
U-21 tarixində bundan əvvəl seçmə mərhələlərdə ən yüksək nəticə 9 xal olmuşdu. Bu göstərici 2002 və 2017-ci illərdə qeydə alınmışdı.
Rəşad Eyubovun komandası isə 10 oyunda 2 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə 10 xal topladı. Yığma altı komandanın mübarizə apardığı B qrupunda beşinci yeri tutdu.
Bu nəticənin əhəmiyyətini qiymətləndirərkən, obyektiv olmaq vacibdir. Komandanın hər iki qələbəsi Cəbəllütariq üzərində qazanılıb.
Bununla belə, Şotlandiya ilə 3:3 hesablı heç-heçə, Çexiya ilə 1:1 hesablı nəticə və Bolqarıstanla keçirilən iki oyunda əldə edilən heç-heçələr də komandanın xal ehtiyatına mühüm töhfə verib.
Deməli, rekord faktı ilə yanaşı, daha güclü rəqiblərə qarşı nəticələrin yaxşılaşdırılması da növbəti mərhələnin əsas vəzifələrindən biri olmalıdır.
Məşqçi heyətinin formalaşması da diqqət çəkən məqamlardandır. Rəşad Eyubov 2025-ci ilin oktyabrında U-21-in baş məşqçisi vəzifəsinə təyin olunub.
Onun köməkçisi olaraq 2026-cı ilin yanvarında məşqçi heyətinə Rəşad Hüseynov, analitik vəzifəsinə isə Qara Qarayev cəlb edilib. Bu təyinatlar komandanın fəaliyyətində məşqçilik və analitik yanaşmanın birləşdirilməsinə hesablanıb.
SPORTİNFO.AZ
