Yığmamız tarixində ilk dəfə AFFA-ya pul qazandırıb.
Bu, UEFA Millətlər Liqasında qrup qalibi olmaq sayəsində reallaşıb.
Sportinfo.az xəbər verir ki, UEFA liqalar üzrə qrup qaliblərinə pul mükafatı müəyyənləşdirib. Hər liqanın özünə uyğun mükafatı var. Ən az maliyyə ən zəiflərin yarışdığı D Liqasındadır.
Bununla belə, yığmamız iki gün öncə Lixtenşteyndə qalib gələrək (1:0) qrup liderliyini təmin edib və qitə futbol qurumunun müəyyənləşdirdiyi mükafata sahib çıxıb.
D Liqasında iştirak üçün bütün komandalara 750 min avro verilir. Bundan başqa qrup qalibinə əlavə olaraq eyni məbləğ ödənilir.
Beləliklə, millimiz tsikldə 1,5 milyon avro (təxminən 3 milyon manat) qazanıb. Bu isə millimizn bütün tarixi ərzində ilkdir.
C Liqasında komandalar iştiraka görə 1,25 milyon qazanır. Burada qalib olanlar əlavə olaraq eyni məbləği əldə edir. B Liqasında qrup qalibləri 1,5 milyon + 1,5 milyon avroya sahib çıxır. A Liqasında isə mükafat 4,5 milyon avrodur (2,25 milyon + 2,25 milyon).
Bu vəsait futbolçulara deyil, birbaşa milli assosiasiyalara ödənilir.
