“Qarabağ”, “Sabah” və “Neftçi”nin “məhsul”u niyə “zay” çıxdı?

11:20 Milli komanda 47
“Qarabağ”, “Sabah” və “Neftçi”nin “məhsul”u niyə “zay” çıxdı?

Azərbaycanın U-19 yığmasının Monteneqroya 2:7 hesabı ilə uduzması Azərbaycan futbolunda illərdir yığılıb qalan problemləri yenidən gündəmə gətirir. Eyni yaş qrupunda olan futbolçuların qarşılaşmasında belə böyükhesablı məğlubiyyət yalnız bir oyunun nəticəsi kimi qiymətləndirilməməlidir. Bu, futbolçuların yetişdirilməsi, akademiyaların fəaliyyəti, fiziki və taktiki hazırlıq, məşq metodologiyası və ümumilikdə futbol sistemimizin vəziyyəti haqqında ciddi suallar yaradır.
Matçın ilk hissəsinin 1:6 hesabı ilə başa çatması xüsusilə düşündürücüdür. Monteneqrolu futbolçular ilk dəqiqələrdən etibarən oyunun ritmini, sürətini və fiziki mübarizəsini müəyyənləşdirdilər. Viktor Bubanya, Vukota Knejeviç, Velko Mijoviç, Viktor Lesyak və Matia Yovanoviç kimi futbolçuların fərdi və kollektiv fəaliyyəti rəqibin hazırlıq səviyyəsini göstərdi. Yovanoviç və Knejeviç dubl etdilər. Azərbaycan millisində isə Əli Əliyev və Məhəmməd Çodarov fərqləndilər.
Azərbaycan futbolunun ən böyük problemlərindən biri aşağı yaş qruplarında sistemli hazırlığın olmamasıdır. Futbolçuların fiziki, texniki, taktiki və psixoloji inkişafı vahid metodologiya əsasında aparılmır. Bir çox akademiyada futbolçunun qidalanması, bərpası, yuxu rejimi, antropometrik göstəriciləri, fiziki inkişaf dinamikası və fərdi məşq proqramları lazımi səviyyədə idarə olunmur. Bəzi klublarda futbolçuların gündəlik qidalanması belə ciddi problem olaraq qalır. Vitamin və mineral təminatı, fizioloji monitorinq, idman elmi və elmi əsaslandırılmış fiziki hazırlıq proqramları sistemin ayrılmaz hissəsinə çevrilməyib.
“Qarabağ”, “Sabah” və “Neftçi” kimi ölkənin aparıcı klublarının akademiyalarına baxmaq lazımdır. Akademiya sadəcə məşq meydançası, məşqçi və futbolçulardan ibarət deyil. Burada güclü struktur, texniki direktor, yaş qrupları üzrə vahid oyun modeli, fitnes departamenti, fizioterapiya, idman elmi, tibbi nəzarət və düzgün qidalanma sistemi olmalıdır. Sabahda fitnes departamentinin formalaşması istiqamətində yeni addımlar atılır. Ancaq “Qarabağ” və “Neftçi” kimi böyük klublarda da bu istiqamətdə ciddi inkişaf və institusional yanaşma tələb olunur. Bu klubların akademiyalarında futbolçuların fiziki inkişafı təsadüfi məşqlərdən deyil, uzunmüddətli və ölçülə bilən inkişaf proqramlarından asılı olmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!