Uşağı öldürən məşqçi 19 il müddətinə azadlıqdan mərhum edildi - VİDEO+FOTOLAR

22 Mart 11:55 Problem 324
Uşağı öldürən məşqçi 19 il müddətinə azadlıqdan mərhum edildi - VİDEO+FOTOLAR

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Mehman Xəlilov son söz deyib.

O, ittihamı qəbul etməyib. Mehman Xəlilov deyib ki, cinayəti qəsdən törətməyib, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Bildirib ki, bu hadisəni qəsdən törətməyib. O, azyaşlı uşağa hər hansı qərəzinin olmadığını söyləyib: "O, mənim əziz tələbəm olub. İstəməzdim ki, bu hadisə baş versin. Mənə o tərbiyə verilməyib ki, bir körpəni öldürüm. Heç kim başına nə iş gələcəyini bilmir. Bu, bir qəzadır. Mən pis övlad olmamışam".

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.

Bundan əvvəlki prosesdə çıxış edən prokuror Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi istənilib.

İttihama görə, ötən ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hökmə əsasən, Mehman Xəlilov 19 il müddətinə azadlıqdan mərhum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!