"Neftçi"də hamını bir-birinə vurdu, dostuna arxa çevirdi, indi də… VİDEO

2 Dekabr 2022 14:40 Problem 755
"Neftçi"də hamını bir-birinə vurdu, dostuna arxa çevirdi, indi də… VİDEO

Ötən mövsüm I Divizionun çempionu adını «Qaradağ Lökbatan» qazandı.

Aşağı dəstənin «uzunömürlü» iştirakçısı böyük üstünlüklə qızıl medallara sahibləndi.

Cari «futbol ili» isə qəsəbə təmsilçisi üçün yaxşı başlamayıb. «Neftçi» İdman Klubunun balansında olan komanda geridə qalan 12 turda eyni sayda xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində məskunlaşıb.

Lider «Araz-Naxçıvan»dan 14 xal geri qalan QL-ın zəif çıxışı maraq doğurmaya bilməz.

Rəsmi sənədlərdə Səbuhi Həsənov baş məşqçi olaraq götərilir. Əslində isə o, köməkçidir. Keçən sezon bir müddət «Səbail-2»ni çalışdırmış gənc mütəxəssis «Qaradağ»da əsas söz sahibi deyil. real səlahiyyətlər Füzuli Məmmədovdadır.

İki ilə yaxındır Lökbatan kollektivinə rəhbərlik edən sabiq «Neftçi»li bura başqa məqsədlə gəlib. UEFA-nın «Pro» kateqoriyası almaq istəyən məşqçilərdən bir neçə tələbi varsa, onlardan biri də iş yerinin olmasıdır.

Həmin şəxs peşəkar statuslu hansısa klubda, yaxud millilərdə işləməlidir.

2020-cı ilin noyabrında «Neftçi»dən uzaqlaşdırılan F.Məmmədov «Pro» kurslarında iştirak edə bilmək üçün «Qaradağ»a üz tutdu və burada pulsuz çalışmağa başladı.

AFFA bir müddət sonra U-15 və U-16 yığmalarını ona tapşırdı. Bir əlində iki «qarpız» tutan F.Məmmədov ilk vaxtlar ciddi çətinlik çəkməsə də, get-gedə iş yerləri arasında fərq qoymalı oldu və üstünlüyü millilərə verildi.

Ötən müddətdə «Qaradağ»da çox şey dəyişib. Xeyli sayda futbolçu qəsəbə təmsilçisiylə vidalaşıb. Yeni gələnlər gedənləri unutduracaq qədər təcrübəli və iddialı deyil.

Əvvəlkitək komandaya zaman ayırmayan F.Məmmədov rəhbərliyin mükafat sisteminin ləğvi ilə bağlı qərarına qarşı çıxmağa da özündə cəsarət tapmayıb.

Öncəki mövsümlərdə üçdən-beşdən mükafat ödənilir, bu da oyunçuları qələbəyə ruhlandırırdı. Həmin üç-beş manat da artıq yoxdur və bu, azmış kimi, baş məşqçi səlahiyyətlərinin real icraçısı, futbolçuların öz diliylə desək, özünü çox pis aparır.

O, oyun və məşqlərdə dilinə «sahiblik» eləmir, təhqiramiz ifadələrdən istifadə edir. Ən yumşaq xitabı «tupoy»durr və bu sözü ondan eşidən xeyli sayda komanda üzvü var.

Peşəkar Futbol Liqasının operatorları da təsdiqləyir ki, «Qaradağ»ın iştirakıyla keçirilən qarşılaşmalarını çəkmək təhlükəlidir.

Bəzən onlar Məmmədovun yerinə utanırlar. Çünki 90 dəqiqə susmayan, səsini başına atan məşqçi «dişinin dibindən çıxan» sözləri başqalarının eşitməsindən ar eləmir və səs video çəkilişə düşür.

Bu, onun xasiyyətidir. «Neftçi»də də belə edirdi. Ki, sükan arxasında çox duruş gətirmədi. 2020-ci ilin noyabrında Roberto Bordini əvəzlədi, həmin ilin noyabrında da görəvdən uzaqlaşdırıldı.

Ona kimi köməkçisi olduğu italyanın arxasınca danışa-danışa iş başına keçən F.Məmmədova bir neçə ay yetdi ki, futbolçuları da boğaza yığsın.

Gərginlik o həddə çatdı, elə məşq olmurdu ki, qalmaqal yaşanmasın. Yerlilər də, legionerlər də əlindən zinhara gəlmişdi və bütün bunlar «Qarabağ»la derbidə «partladı».

Premyer Liqanın IX turunda evdə əbədi rəqibə 0:6 hesabı ilə uduzdular, baş məşqçi istefası rəsmiləşdi. Ardınca da Ceyhun Sultanov idman direktoru postunu tərk elədi.

Gün kimi aydındır ki, bu iki vida bir-biriylə əlaqəli idi. Axı Məmmədovu «Səbail»dən «Neftçi»yə gətirən, əvvəl Bordinə köməkçi təyin edən, sonra baş məşqçi vəzifəsinə əyləşdirən məhz Sultanov olmuşdu.

Yoxsa kim idi, «Neftçi»ni Premyer Liqa təcrübəsindən yoxsul Məmmədova etibar edən?

Sultanov ovaxtkı dostuna özündən çox inanırdı və ona zamin dayanmışdı. Əmin idi ki, o, bir sözünü iki eləməyəcək, nə tapşırıq versə, yerinə yetirəcək.

Sən saydığını say, gör, Füzuli bəy nə sayır!

Sultanovun seçdiyi hər futbolçunu bəyənməyən, komandaya götürməyən, düşərgədəkilərlə münaqişəyə girən baş məşqçi yekunda idman direktorunun da iş yerini itirməsinə səbəbkar oldu.

«Neftçi» 2020-ci ilin yayını Avropa Liqasında keçirdi, amma bu macəra qısa sürdü. Şimali Makedoniyadan «Şkupi»ni güc-bəla ilə üstələyən «ağ-qaralar» ikinci mərhələdə «Qalatasaray»a Bakıda uduzdu - 1:3.

Həmin qarşılaşmadan hazırlanan fotoreportaj hələ də müxtəlif internet qaynaqlarını «bəzəyir». O gün Fatih Terimlə üzbəüz gələn, əl verib qucaqlaşan Füzuli Məmmədov üçün bu, unudulmaz bir hadisə idi.

Şahlıq quşu başına qonmuşdu, yerə-göyə sığmırdı. Elədir, F.Məmmədov «Neftçi»ni çalışdırmasaydı, Fatih Terimə yaxınlaşıb, əlini sıxa, qoşa şəkil çəkdirə bilməzdi.

Bu fürsəti ona yaradan Ceyhun Sultanov idi, hansı ki, indi dostu heç yadına da düşmür.

Xəzər Hikmət

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti