“Bakı”nın həbs olunan sabiq prezidenti bu gün ev dustaqlığına buraxılacaqmı?

28 Yanvar 2022 09:40 Problem 534
“Bakı”nın həbs olunan sabiq prezidenti bu gün ev dustaqlığına buraxılacaqmı?

Dünən tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib və o, elə məhkəmə zalında tutulub.

Artıq H.Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

İş adamının vəkili Orxan Cəfərbəyli bildirib ki, müvəkkili barəsində seçilmiş 2 ay 15 günlük həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim olunub.

Vəkil qeyd edib ki, Hafiz Məmmədovun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib:
“Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədovun istintaqa gəlməkdən boyun qaçırması isə həqiqəti əks etdirmir. Bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən bildiriş göndərilməyib”.

H.Məmmədovun vəkili İsmayıl Kəngərli isə bildirib ki, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”.

Dövlət Vergi Xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.

Vəkil İsmayıl Kəngərlinin bildirdiyi vergi və sosial ödənişlər üzrə 1,5 milyon manat borcun bir hissəsi “Bakı“nın payına düşür.

Əslində, araşdırmalara 2 il öncə başlanılıb və bu müddətdə artıq fəaliyyətdə olmayan klubun bir sıra sabiq rəsmiləri istintaqa cəlb edilib.

Onlar “Bakı“nın mülkiyyəti sayılan texniki avadanlıqlar, işçilər, həmçinin müqavilə bağlanılan yerli və əcnəbi futbolçular barədə sorğu-suallara cavab verib. Burada söhbət təqribən 300 min manatdan artıq vəsaitdən gedir.

H.Məmmədova yaxın çevrə ümid bəsləyir ki, proses uzun çəkməyəcək, o, qısa müddətdə, bəlkə də bu gün ev dustaqlığına buraxılacaq.

Təbii ki, ümumi borcun yarısının ödənilməsi şərti ilə. Belə götürəndə, iş adamı, onsuz da, Azərbaycandan kənara çıxmır.

İllər öncə böyük biznesdən çəkilən H.Məmmədovun xarici iş dünyası ilə əlaqələri demək olar tamamilə dayanıb.

Onun əlində çox az sayda mülkiyyət və kiçik obyektlər qalıb. Hansı ki, buradan əldə etdiyi vəsait iləbil azalmaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!