Transferə pul tapmayan, ortalıqda tək qalan – QARANLIQ MÖVZU

29 Noyabr 2021 14:00 Problem 872
Transferə pul tapmayan, ortalıqda tək qalan – QARANLIQ MÖVZU

Qış fasiləsində «Sumqayıt»da müəyyən yeniliklər, dəyişiklər baş verəcək.

Bunun anonsunu indidən edək.

Bıçaq sümüyə dirənib, ona görə. Ya Ayxan Abasovun dediyi olacaq, ya da dediyi olacaq. Başqa bir halda, vəzifəsi ilə vidalaşacaq. Kreslodan ötrü gözü atmır - bu, məlumdur.

Ayxan Abbasovu narahat edən komandanı çuxura salan bəzi hadisələr, onun fövqündə dayanan səbəblərdir. Bir baş məşqçi kimi onu qayğılandıran nəticələrdir.

Yəni, ardı-arası kəsilməyən məğlubiyyətlər. Kənardakılar nə bilir ki, düşərgədə nələr baş verir?

Heç kimə maraqlı deyil bu. Eləcə də tribunaya toplaşan azarkeşə. Onlar meydançanı və meydançadakıları görür.

Görür ki, Rəhim Sadıxov ayağını arxasınca sürüyür, Tellur Mütəllimov divanəyə oxşayır, Əli Qurbani dəlicəsinə ora-bura qaçır, digərləri də onların bir tayı.

Abbasov 4 ilə yaxındır buradadır, hələ «Sumqayıt»ı belə görən olmamışdı. Hansısa qruplaşmadan, ikitirəlikdən söhbət gedə bilməz. Bunlar gülünc iddialardır.

Ayxan Abbasov ayıq adamdır, quşu göydə gözündən vurur. İki dünya bir olar, o, yenə imkan verməz ki, futbolçular arasında təfriqə yaransın, yaxud kimsə bu ikrə düşsün.

Gecə-gündüz yatmaz, qarşısını alar. İllərboyu yerlərdə sürünən «Sumqayıt»ı ayağa qaldırmış məşqçidir.

Nəyin sayəsində?

Özünü futbolçulara sevdirməyin. Hər komanda kollektiv ola, kollektivləşə bilmir. Buna nail olmaq üçün o qədər uzun yol gəlmək lazımdır ki…

Eh! «Sumqayıt» hər yay aparıcı simalarını itirsə də, Abbasov gözdən və könüldən uzaq düşənləri başına yığmaqla, əsl məşqçi keyfiyyətlərini göstərib, hesabdan silinmiş neçə-neçə futbolçunu qiymətə mindirib.

Bəs bu gün baş verənlər nədir belə? Medalın görünməyən üzünü rəqabətsizlik təşkil edir. Yayda Konfrans Liqasına vəsiqə qazanmağın müqabilində klubun büdcəsinə 1 milyon manata yaxın vəsait daxil olub.

Bu pulun heç yarısı yeni transfer çalışmalarına xərclənməyib. İlk vaxtlar hər mövqedə 2 eyni səviyyəli futbolçu var idi, indi məsələn, Rəhim Sadıxov bilir ki, pis oynasa da, yaxşı oynasa da, daim əsas heyətdə yer alacaq.

Çünki ehtiyat skamyada əyləşənlərin nəfəsini kürəyində hiss etmir. O birilər olsun. Hamı rəqabəsizliyin «keyfini çıxarır».

Nədənsə klubun başında dayanan personal da bugünlərdə varlıq nümayiş etdirmir. Harasa qeyb olublar, mətbuatda da görünmürlər.

Baş məşqçinin gedib-qalacağı ilə bağlı ötən həftədən başlayan söz-söhbətlərə münasibət bildirmirlər. Komanda mənsubları bu kəsləri axırıncı dəfə nə zaman paltardəyişmə otağında, məşq meydançasında görüb?

Bu da bir müəmmalı məsələdir. Niyə VİP-lojadan aşağı enmir, kollektivin yanında olduqlarını demirlər? Üzüklərinin qaşı düşəcək?

Ayxan Abbasov getsə, ondan yaxşısını tapıb gətirəcəklər?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti