AFFA və klublar niyə baş verənlər qarşısında kor qalıb?

13 Oktyabr 2021 23:00 Problem 921
AFFA və klublar niyə baş verənlər qarşısında kor qalıb?

Azərbaycan və futbol – bir ölkə üçün ildən-ilə yadlaşan ikinci bir peşə tapmaq mümkün deyil.

Milli komandanın, hətta komandaların sırf son nəticələrinə əsasən bu fikir ortaya çıxmayıb.

İllərdir hər kəs “futbolumuz quyunun dibinə doğru gedir” deyir. Əslində isə quyunun dibini çoxdan görmüşük. İndi süxur qatını da deşərək, bir az da dərinliyə qərq olmağa çalışırıq.

U-21-in Xorvatiya önündəki rüsvayçılığı, əsas millinin əvvəlcə İrlandiya, dünən də Serbiyaya diz çökməsi Azərbaycan futbolunda artıq adiləşib. U-17 isə koronavirusa görə oyunlarının ləğvinə yalnız sevinməlidir.

Futbol azarkeşini idmanın şahından daha nə qədər iyrəndirmək olar? AFFA-sı, klubları, futbol ictimaiyyəti niyə baş verənlər qarşısında kor qalıb, başa düşmək olmur. Rayon-rayon gəzib top paylamaqla, çanta hədiyyə etməklə inkişaf olur?

Ölkə futbolunda bir nömrəli söz sahibi olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov guya bilmir ki, yanlış yoldadırlar? Və ya pulu tükənənə qədər yerli futbolçuya güvənməyən, yetişdirmək əziyyətinə qatlaşmaq istəməyən klublar ildən-ilə üzə çıxardıqlarının əvvəlkindən də zəif olduğunu görmürlər? Çox az hissəsi istisna olmaqla işsiz qalmamaq xatirinə alqışları havaya sovuran futbol mütəxəssisləri məcburiyyətdən dəstəklədikləri insanların, qurumların futbolumuzu məhvə sürüklədiyini bilmirlər?

Təəssüf ki, bu sahədə çalışan heç kimə Azərbaycan futbolunun sabahı, inkişafı maraqlı deyil. Çünki şəxsi maraqlar bundan irəli gəlir. Tək-tük istəyən çıxanda da onu özlərinə təhlükə bilib, dərhal uzaqlaşdırırlar, ofsayda atırlar.

Uğursuz nəticə olan kimi, AFFA-nın “qoruyucu mələkləri” “malalamaqla” yalnız özünüzü aldadırsız. “Mütəxəssis” kimi niyyətinizi o qədər aşkara çıxarmısız ki, əməllərinizi o qədər rahatlıqla görürsüz ki, adi azarkeş də bunu görür. Bütün baş verənləri, ünvanınıza səslənən tənqidləri belə, vecinizə almadığınızı da hiss elətdirirsiz.

Serbiya ilə oyunun “23-lüy”ünün yarısının milliləşdirilmiş oyunçu olması futbola cavabdeh olan qurumun və klubların ayıbıdır. Gözəl bilirsiz ki, yolunda milyonlar töküb milliyə gətirdikləriniz o formanın ağırlığını dərk etməyəcək, ilk fürsətdəcə sizi tərk edəcək. Necə ki, edirlər də.

Daxili çəkişmələri işə sirayət etdirmək isə yolverilməzdir. Kiməsə görə klubundan oyunçu çağırtdırmamaq, şəxsi mənafe xatirinə layiq olmayanlara dəvət göndərtdirmək, nəyəsə görə klubundakı oyununu millidə göstərməmək təkcə futbola yox, formaya xəyanətdir.

Çünki hər bir vətəndaşın ölkə qarşısında öz borcu var. Ən azı 44 günlük Vətən müharibəsində qazanılan zəfər qarşısında məsuliyyətinizi dərk edib, az da olsa nəticə çıxarmağın, utanmağın vaxtı çatıb.

Futbolçular barədə isə danışmağa gərək yoxdur. Azarkeşlərin də dediyi kimi: Azərbaycanda futbol var? İdmanın şahı yox dərəcəsində olan ölkənin futbolçusu nə olacaq ki? (apasport)).

Digər Xəbərlər
Xəbər Lenti