"Ölkə çempionatının yeni mövsümündə əksər oyunlara baxmışam.
Bir-iki matçı çıxmaq şərtilə hələlik kobud səhvlər yoxdur".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Ümumittifaq dərəcəli keçmiş referi, AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimov Premyer Liqanın ilk iki turunda qeydə alınan hakim səhvləri barədə danışarkən deyib.
Milli assosiasiyanın baş mütəxəssisi bildirib ki, bütün oyunlarda ideal hakimlik etmək olmaz:
"Ona görə də bəzi matçlarda xırda səhvlər olur. Əsas odur ki, kobud səhvlər olmasın. Çempionat yeni başlayıb. Görək, sonda necə olacaq".
Rəhimov "Zirə"nin oyunlarında qeydə alınan səhvlərin kifayət qədər ciddi olduğunu söyləyib:
"Rəşad Sadıqov hakimlikdən haqlı olaraq şikayət edir. "Zirə"nin oyunlarında kobud səhvlər oldu.
Fikrimcə, hakimlər "Zirə"ni bilərəkdən "yıxmayıblar". Sadəcə, səhvlər Sadıqovun bəxtinə düşüb (gülür - red.).
İnanmıram ki, hansısa hakim sifarişlə oyun idarə etsin. Düzdür, "Zirə" - "Neftçi" matçının baş hakimi təcrübəli Rauf Cabbarov olub. Amma səhvi yan xətt hakimi etdi.
Oyundankənar epizodla bağlı qərarı referi öz üzərinə necə götürsün? Cabbarov epizodu şəxsən görsəydi, qolu sayardı. Öz köməkçisinə inanıb qərar verdi. Hakimlik komanda işidir".

