«Bursaspor» Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
I Liqa klubu Namiq Ələsgərovun transferinin rəsmiləşməsi yönündə «Neftçi»nin yaratdığı problemin həlli üçün TFF-dən kömək istəyib.
Bursa təmsilçisi məsələnin həlli məqsədi ilə yerli qurumun FİFA-nın işə qatmasına çalışır.
Millimizin yarımmüdafiəçi iki həftə öncə «yaşıl timsahlar»la 2+1 illik müqavilə imzalayıb.
Gəl ki, onu sifariş edə bilmirlər. Səbəb odur ki, «Neftçi» yığma üzvünün transfer vərəqini qarşı tərəfə göndərmir. Bu üzdən, Namiq I Liqanın ilk 2 turunda meydana çııxa bilməyib.
«Bursaspor» rəhbərliyi hesab edir ki, bakılı həmkarları qəsdən prosesi uzadır. Onlar TFF vasitəsilə FİFA-nın işi nəzarətə götürəcəyi halda, «Neftçi» başbilənlərinin yersiz inadkarlıqdan əl çəkəcəyinə əmindir.
“Neftçi” rəhbərliyinin iddiasına görə, Namiq klubla müqavilənin birtərəfli ləğvi üçün tələb olunan 50 min avronu onlara ödəməyib.
Halbuki,futbolçu ailəsini qardaş ölkəyə aparmamışdan öncə göstərilən məbləği klubun bank hesabına köçürüb. O, işini ehtiyatlı tutaraq, Mərkəzi Bankdan köçürməyə dair sənəd də alıb.
“Neftçi”nin bank hesabı “Rabitəbank”da yerləşir. Adıçəkilən bankın real sahibinin kim olması isə çoxdan mətbuata sızıb.
Dövrü mediada yazılanlardan belə məlum olur ki, “Rabitəbank”ın “çətir”i SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova gedib çıxır. Bu şəxs isə 2015-ci ildən sonra paytaxt klubunun kuratoru olaraq bilinir.
Mərkəzi Bankdan Namiq Ələsgərova təqdim edilən sənəddə göstərilib ki, “Rabitəbank” 50 min avronu qəbul edib və vəsait klubun buradakı hesabına yatırılıb.
Daha sonra isə “Rabitəbank”dan növbəti bildiriş gəlib. Bank “Neftçi”nin bu pulun qəbulundan imtina etməsi barədə Mərkəzi Bankı məlumatlandırıb. Onlar da öz növbəsində Namiqə bununla bağlı xəbərdarlıq məktubu göndərib.
SPORTİNFO.AZ

