Dünən xəbər verdiyimiz kimi, millinin və "Sabah"ın futbolçusu Aleksey İsayev koronavirusa yoluxub.
26 yaşlı yarımmüdafiəçinin həftənin əvvəlində verdiyi testin nəticəsi müsbət çıxıb.
İsayev "Sumqayıt"a qarşı bu gün keçiriləcək Premyer Liqanın II tur matçını buraxmalı olacaq.
Dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1151 nəfər müalicə olunaraq sağalıb. Aanaliz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 384886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343407 nəfər müalicə olunaraq sağalıb, 5252 nəfər vəfat edib. 36227 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17215, bu günə qədər isə ümumilikdə 4285883 test icra olunub.
Statistikadan da göründüyü kimi, ölkədə pandemiyanın növbəti dalğası sürət götürüb və qarşıdakı gün və hətflərdə bu sayın daha da artmasıı gözlənilir.
Bu vəziyyət Premyer Liqanın qeyri-müəyyən vaxtadək təxirə salınmasına yol aça bilərmi?
Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov Sportinfo.az-a açıqlamasnda bildirib ki, hələlik ciddi narahatlğa əsas yoxdur, pandemiyadan irəli gələn tədbirlər davam etdirilir:
“Bildiyiniz kimi, ölkəmizdə COVİD-19 pandemiyasının qarşısını almaq üçün məqsədəyönlü tədbirlər həyata keçirilir. Futbol sahəsində də biz dövlətin tələblərini yerinə yetirir, lazimi işləri həyata keçiririk.
Ötən çempionatda, eləcə də, cari çempionatda AFFA tərəfindən hazırlanmış Tibbi Protokol və Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış COVİD-19 Əlavəsi qüvvədədir.
Protokola daxil olan hər kəs, o cümlədən, hakimlər oyunlardan öncə testdən keçirlər. Bütün qaydalar izlənilir, klublar testin nəticələrini, oyun günü temperatur listini və digər tələb olunan sənədləri təqdim edirlər.
COVİD-19 ilə bağlı qayadalar, eləcə də, tibbi məsələlər tamamilə diqqət mərkəzində və nəzarətdədir. Biz bütün tələb və tövsiyələrə riayət edirik. Bunu klublardan da tam şəkildə tələb edirik.
Yoluxma məsələsinə gəldikdə, hər hansı bir qlobal bir şey yoxdur. Yoluxma varmı, yoxmu, eyni zamanda, şəxslər barədə məlumat verə bilməyəcəm.
Bir növ, bu şəxsin özünə məxsus məxfi məlumatdır”.

