Azərbaycan futbolunda "yuyulan" vəsait

1 Avqust 2021 14:00 Problem 1 630
Azərbaycan futbolunda "yuyulan" vəsait

Gecə-gündüz Azərbaycan futbolunun gələcəyini düşünən, fikir etməkdən saçını ağardan Vaqif Sadıqov deyir ki, klublarımızın legioner siyasəti düzgün qurulmayıb (bunu deyə bildiyi üçün qurban kəsmək vacibdir).

Vaqif müəllim araşdırma aparıb və öyrənib ki, cəmisi bir il əvvəl Azərbaycana gətirilən 30 legioner yola salınıb.

Yəni məlum olub ki, onlar yararsızdırlar, futbolçu deyillər.

Amma Vaqif müəllim klubların niyə belə etdiyini deyə bilməyib. Çünki bunun üçün lap yekə cəsarət lazımdır. Vaqif müəllim bunu deyə bilsə, onda qurban üçün qoyun yox, öküz kəsmək lazım olacaq.

Ona görə də, bunu biz deyirik. Klublar o legionerləri gətirəndə onların yararsız olduqlarını bilirlər, Vaqif müəllim. Sadəcə ölkə futbolunda "istedadlı dələduzlar" şəbəkəsi formalaşıb. Bu şəbəkədə menecerlər, məşqçilər, klub və AFFA rəsmiləri yer alıb.

Onlar il ərzində, təxminən 30-40 lazımsız legioneri klublara yerləşdirirlər. Bu şəbəkə üçün həmin legionerlərin futbol oynaya bilib-bilməməyi vacib deyil. Onlar üçün ən vacib iş pul "yumaqdır".

Əvvəlcədən həmin legionerlə razılıq əldə edirlər: sənə ildə 250 min dollar məvacib veriləcək, onun 100 minini geri qaytaracaqsan.

Biləcəridən o tərəfdə ayda 1000 dollara da klub tapa bilməyən "futbolçu" bu təklifə hoppana-hoppana razı olur.

Gəlir bura, ehtiyatda oturur, ya da arada-bərədə 5-10 dəqiqə meydana çıxıb ora-bura qaçır və ayda 10 min dollar məvacib alır.

"İstedadlı dələduzlar"ın qazancı nə olur? 30 futbolçunun hər birindən 100 min dollar. İldə 3 milyon dollar edir.

Min bərəkət! Daş atmırlar, palçıq qarışdırmırlar, divar hörmürlər.

BIZ

Digər Xəbərlər
Xəbər Lenti