Azərbaycanda stadion üstündə klubla sədr arasında QARŞIDURMA

9 İyun 2021 19:00 Problem 1 258
Azərbaycanda stadion üstündə klubla sədr arasında QARŞIDURMA

Məlum olduğu kimi, “Şahdağ” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) məhkəməyə verib.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.

AHİK-in sədri deputat Səttar Möhbalayevdir. O, 6 fevral 1993-cü ildən bu vəzifədədir.

Qusar klubunun onun rəhbəri olduğu qurumdan şikayətinin kökündə ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan stadion dayanır.

Sözügedən arena AHİK-in balansındadır və “Şahdağ” başbilənləri illərdir çalışsa da, buranı tamamilə öz balansına keçirə bilmir. Odur ki, idman qurğusu hələ bir müddət qapılarını futbolsevərlərin üzünə açmayacaq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası alqı-satqı əməliyyatının baş tutmasında istəksizdir.

Ümumiyyətlə, başıbəlalı və əldən-ələ keçən stadion elə dəhşətli vəziyyətə düşüb ki… Tanımayana, bilməyənə elə gələ bilər ki, bura örüş sahəsidir.

2018-ci ilin əvvəlində təmirə bağlanan stadionda hazırda "bayquş ulayır".

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Budur, aradan xeyli vaxt keçib, "Şövkət Orduxanov"da daş daş üstünə qoyulmayıb, hər tərəf "tikinti qəbirstanlığı"nı xatırladır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə eləyir.

Meydança isə az qala adamboyuna çatan otun içində it-bat olub. Nə təmizlənir, nə bir şey.

Sonuncu dəfə mühəndis qrupu stadiona baş çəkib, qazonun vəziyytinə baxıb, məlum olub ki, meydançanın şimala baxan hissəsi əks tərəfdən 60 sm aşağıdır.

Bu isə sahənin ölçüləri ilə yanaşı, ikinci torpaq qatının da dəyişdirilməsini zəruri edir. Ümumilikdə, tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur.

SOCAR həmin vəsaiti ödəməklə, yenidənqurma işlərini başa çatdırmağa hazırdır. Neft şirkəti bununla Qusar futboluna yeni nəfəs gətirməyi hədəfləsə də, təəssüf ki, Etibar Pirverdiyev şəxsi maraqlarını yenə ön planda tutur.

Vəzifədən uzaqlaşdırılandan sonra meylini mal-qara fermasına salan keçmiş "Azərenerji" şefi qarşı tərəfdən stadiona xərclənən pulu istəyir.

Özü də şişirdilmiş rəqəmlərlə. Pirverdiyev iddia edib ki, inşaata indiyədək bir neçə milyon manat vəsait ayırıb, halbuki görülən işlərin miqyası heç də bunu demir.

Stadion mərkəzdə yerləşir. Qusarda bura göz dikən iş adamları az deyil. Arenanın yerində otel, istirahət və ticarət mərkəzi tikmək istəyən biznesmenlər növbəyə düzülüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti