“Qarabağ“ və “Neftçi”də də büdcə azaldılacaq - YENİ FƏLAKƏT

3 İyul 2020 13:12 Premyerliqa 1 081
“Qarabağ“ və “Neftçi”də də büdcə azaldılacaq - YENİ FƏLAKƏT

Koronavirus pandemiyası Azərbaycan Premyer Liqasında oynayan səkkiz klubun hər birinin maliyyə durumuna ciddi təsir göstərib.

Sportinfo.az xəbər verir ki, hətta son illər büdcəsinə görə də hamıdan irəlidə olan “Qarabağ” belə maliyyədə azaltma edəcək.

Bugünlərdə klubun başqanı Tahir Gözəl Qol.az saytına müsahibəsində də bunu təsdiqləmişdi.

SOCAR-dan maliyyələşən “Neftçi”də də büdcə azaldılacaq. Konkret nə qədər, bu hələ ki, qətiləşməyib. Ümumilikdə pandemiya səbəbindən AFFA-dan maliyyə dəstəyi alan “Keşlə”, “Sumqayıt” və “Səbail”ə ayrılan pulda da azalmalı olacaq. “Sabah” klubunun büdcəsində ixtisar gözlənilir, amma çox böyük həcmdə deyil.

Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda “Qəbələ” və “Zirə”də maddi durum pisdir. O dərəcədə ki, hətta “Qəbələ”nin yeni mövsümdə oynayıb-oynamayacağı belə bəlli deyil. Buna kluba sponsorluq edən şirkətin koronavirus pandemiyası səbəbindən ciddi maddi itkiylə üzləşməsidir. Əldə etdiyimiz xəbərə görə, hazırda “Qəbələ” yeni sponsor axtarışındadır.

Xatırlatmaq yerinə düşər ki, bölgə təmsilçisi bu mövsümün əvvəlində də eyni problemlə üzləşmiş, AFFA-ya kömək üçün müraciət isə mənfi cavablandırılmışdı. Klub “Jalə” şirkətinin himayədarlığı ilə 2019/20 mövsümünü bir çətinliklə başa vurdu. Bəs sabah necə olacaq? Bilinmir!

AFFA-dan maliyyəşməyən “Zirə”nin də durumu qeyri-müəyyəndir. Əldə etdiyimiz xəbərdə deyilir ki, bu klubun da sponsorları koronavirus pandemiyası ciddi maddi itkilərə məruz qalıb. Ona görə də klubun büdcəsinin kəskin şəkildə azaldılacağı, hətta dayandırılacağı ehtimalı belə var. Belə bir məlumat da var ki, komandanın avrokuboka düşə bilməməsi də (çempionatın erkən dayandırılmasına görə) klubun sponsorlarını çox məyus edib.

Onsuz da mövsümün əvvəlində maddi vəziyyəti yaxşı olmayan “Səbail”in durumu hər zamanı kimi qaranlıqdır. Klub futbolçuları qarşısında köhnədən qalan borclarını ödəyib qurtara bilmir. “Səbail”in taleyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir (qol.az).

Xəbər Lenti