"Yalnız o zaman klubların büdcəsində azalma ola bilər”

23 May 2020 20:20 Premyerliqa 565
"Yalnız o zaman klubların büdcəsində azalma ola bilər”

“Avropada klublar pandemiya dönəmində çox pul itirdilər”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az saytına “Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib.

Koronavirus pandemiyası səbəbindən Avropada ölkə çempionatlarının dayandırılmasının yerli klublara böyük maddi ziyan vurduğunu söyləyən AFFA Klublar Komitəsinin sədri bu baxımdan Azərbaycan təmsilçilərinin çox narahatlıq keçirmədiklərini bildirib.

Azərbaycan Premyer Liqası XX turdan sonra – martın 13-də dayandırılıb. Rəfiyevin sözlərinə görə, Premyer Liqa klublarının hər hansı bir qazancı olmadığından, itkisi də gözlənilən deyil:

“Klublar müxtəlif sferalardan ciddi məbləğdə pullar itirdilər. Bura bilet satışı, teleyayım gəliri və bir çox məqamlar aiddir. Əlbəttə ki, bizim klublar həmin sferalardan pul itirməyəcəklər. Çünki bizdə nə teleyayımdan, nə bilet, nə forma satışından qazanc gəlir”.

Klub rəhbəri təmsilçilərimizin yalnız bir halda maddi cəhətdən problemlə üzləşə biləcəyini sözlərinə əlavə edib: “Konkret hansısa klub haqda deyil, ümumi danışıram.

Klublarımızın əksəriyyəti sponsor himayəsi altındadır. Yəni sponsordan pul alırlar. Sabah hansısa şirkətdə maliyyə sıxıntısı yaranması mümkündür. Yalnız o zaman klubların büdcəsində azalma ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!