Azərbaycan futbolu üçün çox önəmli anlar başladı

6 Aprel 21:40 Premyerliqa 450
Azərbaycan futbolu üçün çox önəmli anlar başladı

Aprelin 1-də UEFA-nın növbəti videokonfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, təşkilat Avropanın ali futbol qurumuna üzv olan 55 assossiasiyanın baş katibləri ilə videobağlantı qurub.

Videokonfransda üç həftə əvvəl yaradılan İşçi Qrupun fəaliyyəti, həmçinin koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokubokların bərpa müddəti ilə bağlı müzakirələr aparılıb. Bir sıra qərarlar verilib.

17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında uyğun olaraq may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ləğv olunub.

Bundan başqa, 19 yaşadək futbolçulardan və 17 yaşadək qadınlardan ibarət yığmalar arasında may və iyul aylarına nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Həmçinin, bu ay keçirilməsi nəzərdə tutulan futzal üzrə Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

UEFA Millətlər Liqasının pley-off oyunlarını növbəti dəfə təxirə salmalı olub. Yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.

UEFA martın 24-də həmin ayın 26-31-i aralığında keçirilməli olan bu görüşləri iyuna təxirə salmışdı. Millətlər Liqasının ikinci mövsümünün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə yeni mövsümə daha sonra başlayacaq.

Beləliklə, sentyabrda A liqasında İslandiya – Rumıniya, Bolqarıstan – Macarıstan, B liqasında Bosniya və Hersoqovina - Şimali İrlandiya, Slovakiya – İrlandiya, C liqasında Şotlandiya – İsrail, Norveç – Serbiya, D liqasında isə Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo yarımfinal matçları keçiriləcək.

Bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda məlum olacaq. Final mərhələsi gələn ilin yayına ertələnən turnirdə 24 yığma iştirak edəcək. Həlledici oyunlar isə Bakı da daxil olmaqla 12 müxtəlif ölkənin şəhərində keçiriləcək.

Çempionlar Liqası və Avropa Liqasının oyunlarının da növbəti dəfə təxirə salınacağı gözlənilir. Bu məsələ UEFA-nın son videokonfransında müzakirə olunub. Qitə futbol qurumu avrokubokların iyul və ya avqustda bərpa olunmasını, eyni zamanda milli çempionatların da həmin tarixdən davam etdirilməsini tövsiyə edib.

ÇL və AL-in oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb. UEFA-nın prezidenti Aleksander Çeferin avrokuboklardakı qalan matçların təşkilinin milli çempionatların keçiriləcəyi aylarda da mümkün ola biləcəyini deyib: “Vəziyyət fövqəladədi. Biz möhkəm olmalıyıq.

Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündü. “8-lər” və ya “4-lər” finalı formatı isə hələlik bir hipotezdi. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdı. Şərtlər təhlükəsizdisə, heç bir problem görmürəm”.

UEFA milli çempionatların vaxtından əvvəl başa vurulmasının əleyhinədi. Təşkilat bununla bağlı 55 assosiasiyaya məktub göndərib. Məktubda futbolun yaxın aylarda bərpa olunacağına əminlik ifadə olunub və daxili çempionatların ləğv edilməməsi tövsiyə olunub: “

Yaxın aylarda futbol yarışlarının yenidən davam edə biləcəyinə əminik. İndiki məqamda daxili çempionatları ləğv etmək üçün verilən hər hansı qərar əsassızdı. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi vacibdi. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdı.

UEFA klubların 2020/21 mövsümündə beynəlxalq turnirlərdə iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.

Belçikada ölkə çempionatının qalan oyunları ləğv olunub və 29 turdan sonra lider olan “Brügge” çempion elan edilib. UEFA-nın prezidenti Çeferin Belçika klublarını pandemiya səbəbindən çempionatı vaxtından əvvəl başa vurduqlarına görə tənqid edib. Çeferin komandaları avrokuboklardan çıxarmaqla hədələyib:

“Bunun yanlış yol olduğunu düşünürəm. Həmrəylik - bu, birtərəfli hərəkətin olduğu küçə deyil. Belçikanın mövsümü oynamadan başa vurmaq istəyən liqası növbəti mövsümdə avrokuboksuz qalmaqla risk edirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi