"Neftçi" liderliyi qorumaq üçün daha istəklidir" - QİYMƏT

6 Mart 2021 18:00 Premyerliqa 1 251
"Neftçi" liderliyi qorumaq üçün daha istəklidir" - QİYMƏT

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 18-ci turunun “Neftçi” - “Sabah” (2:1) və “Sumqayıt” - “Zirə” (0:0) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Neftçi" "Sabah"
Çox ağır oyun idi. Görüşü yaxşı tanıdığım Rəşad Əhmədov idarə edirdi. Oyunun ağırlığına baxamayaraq, yaxşı idarəçiliyi ilə yadda qalmasını qeyd edərdim. Ümumiyyətlə, Rəşad təyinat aldığı son oyunlarda yaxşı təsir bağışlayır. Çox maraqlı seçim idi. İşinin öhdəsindən layiqincə gəldi. Oyunun ağırlığına görə Rəşad Əhmədovdan başladım. Ardıcıl məğlubiyyətlərə görə görünürdü ki, "Sabah" səfərdə "Neftçi"yə qarşı çox əziyyət çəkməlidir və məğlub olmalı deyillər. Ancaq "Neftçi" qarşısına qoyduğu öhdəliyi yerinə yetirdi. Namiq Ələsgərovun üstalıqla vurulan zərbəsi dirəyə dəyib qapıdan keçdi. "Neftçi" pis təsir bağışlamırdı. "Sabah" da pis çıxış etmirdi, ancaq hiss olunurdu ki, "Neftçi" liderliyi qorumaq üçün daha istəklidir. Onlara bu qələbə çox vacib idi. Ərazi üstünlüyü "Neftçi"nin tərəfindəydi. "Sabah" buraxılan ikinci qoldan sonra bir balaca “sönsə” də, axır dəqiqələrə qədər mübarizlik göstərdi. Mənə elə gəlir ki, "Sabah" həmin qolu 7-8 dəqiqə əvvəl vursaydı, sonda dramatik oyun görə bilərdik. İnanırdım ki, "Sabah" ikinci qolu da vura bilər. Yəni, bu, gözlənilirdi. Həm Samir Abasovun komandasına, həm də "Sabah"a gələcək görüşlərdə uğurlar arzu edirəm. Məncə, "Sabah" bu acı nəticələrdən nəticə çıxaracaq və onun üzərində işləyib, "Keşlə" kimi son pillələrdən qurtulmağa çalışacaq.

"Sumqayıt" - "Zirə"
"Sumqayıt" "Zirə" üçün elə də rahat keçilən sədd deyil. Gözlənilirdi ki, oyun maraqlı keçəcək. Hər ikisi mübariz komandadır. “Zirə”də zədəli futbolçuların çox olduğunu bilirdik. Davit Volkovun çiynindən aldığı zədə çox vaxt aparan zədədir. Bu oyunda da onun yeri görünürdü. "Zirə" səfər oyununda həm ağıllı müdafiə olundu, həm də yaxşı top saxladı. Heyətin kasad olmasına baxmayaraq, səfərdə 1 xal qazana bildi. Ayxan Abbasovun komandasında İrandan gələn legioner (Əli Qurbani) öz gücünü göstərib. Yenə pis təsir bağışlamırdı. "Qəbələ" ilə oyundakı məğlubiyyətdən sonra komandanın oyunu hücumda keçirəcəyi gözlənilirdi və bu, hardasa 60% belə də oldu. Son nəticənin 0-0 olması gözlənilən idi. Mənə elə gəlir ki, bu, ədalətli nəticədir. İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası oyunu yaxşı idarə etdi. Heç bir qusur görsənmədi. Mənə elə gəlir ki, bu hakimlərə yüksək qiymət düşür.

Digər Xəbərlər
Xəbər Lenti