Xəyanətə sevinən "Neftçi" rəhbərliyi

30 May 2020 22:40 Neftçi 1 313
Xəyanətə sevinən "Neftçi" rəhbərliyi

"Neftçi" ailəsi, yetişdi toy axşamı, durun yandırın şamı.

Amma bu toy, o toydan deyil. Nə də bəzək vurub, gəlin gətirməyə ehtiyac var.

Əksinə, yola salma mərasimidir. Yola salınan adam, daha doğrusu, "Neftçi"ni yolda qoyub gedən adam, ən azı bir toyluq çal-oynasını və bir gecəlik şam yandırmaq mərasimini "haqq" edir. Canınızı qurtardız!

Yəqin ki, söhbətin kimdən getməsi artıq hər kəsə bəllidir. Bəli, söhbət Baqali Dabodan gedir. O Dabodan ki, "Neftçi"yə gəlişi böyük çal-oynasın, vur-çatlasınla olmuşdu. Səbəb də "Qəbələ"də etdikləri idi. Vurduğu qollar, komandası ilə qazandığı uğurlar belə qarşılanma mərasiminə rəvac verirdi.

Amma "Neftçi" Dabonun "Qəbələ"də etdiklərinə baxdığı kimi, gərək "Qəbələ"yə qarşı etdiyinə də kor olmayaydı. Ancaq kor oldular!

"Qəbələ"yə gəlməsi üçün hətta bileti belə alınan Baqali Dabo təyyarədən enən kimi onu ofisdə gözləyən bölgə klubunun rəsimlərinin yanına yox, "Neftçi"nin düşərgəsinə qaçmışdı.

Ölkənin ən köklü klubu da 2 il öncə onu bəh-bəhlə qarşılayıb, futbol ictimaiyyətinə təqdim etmişdi.

Bərbad idarəçiliyi ilə hər kəsə tanış "Neftçi" rəhbərliyinin bu addımın kökündən səhv olduğu məlum idi. Zaman özü də bunu isbatladı. Zatən, başlanğıcdan belə sonluq gözlənilirdi.

Xəyanətlə kluba gələn Dabo "Neftçi"də daha çox qalmaqallarla yaddaşlara həkk oldu. Hər addımında klub rəhbərliyinə problemlər yaratdı. Elə Dabonun "Neftçi"ni ifşa edən ən son videosuna xatırlamaq yerinə düşər.

İlk dəfə Sportinfo.az-da gedən və böyük rezonans doğuran məlum videoya görə klub başbilənlərinin başı az ağrımadı. Bilirik, xəbərdarıq və hallarına acıyıq.

Bu qədər dəcəlliyin sonu xəyanətlə bitdi. Bəli, xəyanət.

"Neftçi" sona 8 tur qalmış lider "Qarabağ"a badalaq vura biləcək tək klubdur. Çempionluq üçün şanslar azdır, amma yox deyil. Bunun üçün ilk növbədə klubdaxili ab-havanın yaxşı olması çox önəmlidir. Və belə bir anda komandanın əsas hücumçusu olan Baqali Dabo gizlicə «Apollon» ilə danışıqlar aparırmış. Bunun adı xəyanət deyil, bəs nədir?

Bir gecədə "Sumqayıt"a xəyanət edib, "Neftçi"yə rəhbər gələn Kamran Quliyev indi özü xəyanətlə qarşı-qarşıyadır.

Fransalı hücumçu "Qəbələ"yə xəyanət edib "Neftçi"yə gəlmişdisə, indi də "Neftçi"yə arxa çevirib, "Apollona"a gedir.

Hətta Dabo "Neftçi"yə məxsus ola-ola Kipr mətbuatına “Apollon”a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi” demək cəsarətini belə özündə tapdı. Söhbət "Neftçi" böyüklükdə klubda olub, amma Kiprin hansısa ikinci dərəcəli təmsilçisindən gələn təkifə verilən reaksiyadan gedir.

Ən qəribəsi də odur ki, "Neftçi" rəhbərliyi bu xəyanətdən şad-xürrəmdir. Çünki sıradan bir futbolçudan yox, sözün həqiqi mənasında bir bəladan canlarını qurtarırlar.

Yəqin ki, məntiqlərincə belə xəyanətə görə çal-çağır da etməyə dəyər, toy-nişan da ...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti