Kamran Quliyev "Neftçi"nin canını necə alır, yaxud bir "butılkalıq yalan"

18 Yanvar 2020 16:48 Neftçi 1 100
Kamran Quliyev "Neftçi"nin canını necə alır, yaxud bir "butılkalıq yalan"

Son vaxtlar "Neftçi"də nisbi sakitlik yenə pozulub. Qış fasiləsi olsa da, mövsümün əvvəlindəki gərginlik qalmaqdadır.

Klub daxilində üçtirəlik yaranıb. Rəhbərlik Roberto Bordinlə, o da futbolçularla yola getmir. İdarəçilərlə komanda üzvəri arasında da inamsızlıq mövcuddur.

Biz bir neçə gün əvvəl Dario Frederikonun Roberto Bordini söydüyünü xəbər vermişdik. Braziliyalı yarımmüdafiəçi bu hərəkəti səbəbindən Antalya toplanışına aparılmadı. Stiven Monroz baş məşqçi və rəhbərliklə yola getmədiyindən pasportunun itməsini bəhanə gətirib Türkiyə səfərinə hamıdan sonra yollandı.

Bu dəfə Baqali Dabo düşərgəni bir-birinə qatıb. Fransalı hücumçu "Lodz"la yoxlama oyununun (0:4) 20-ci dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib. Əvvəl də italyan mütəxəssislə ulduzu barışmayan forvard yenə dilini dinc qoymayıb. O, meydandan çıxandan sonra Bordini acılayıb, paltardəyişmə otağında isə onun üzərinə yeriyib.

Erkən əvəzlənməsini özünə qarşı təhqir sayan sabiq "Qəbələ"li baş məşqçinin yaxasından yapışmağa cəhd göstərib, onu qarşısındakı şəxsdən güclə aralayıblar. Komandadaxili iclas bu üzdən çox gərgin keçib. Hirsi soyumayan Dabo italyanı qərəzli münasibətdə ittiham edib, ünvanına aşağılayıcı ifadələr işlədib.

Yaydığımız bu xəbərin səhihliyinə əminik. Klubun mətbuat xidməti isə daş atıb başını tutub ki, yox, düşərgədə hər şey gözəldir, gül gülü çağırır, bülbül də bülbülü.

Sitat: "Dabo ilə baş məşqçimiz Bordin arasında mətbuatda yazıldığı kimi münaqişə olmayıb. Hər şey qaydasındadır. Komanda daxilində ab-hava normaldır. Futbolçular və məşqçilər korpusu arasında heç bir problem yoxdur. Ümumiyyətlə, həmin məlumatı yayımlayanların son vaxtlar bizim haqqımızda yazdığı yazıların 99 %-i yalnışdır. Guya, məşqçi bizdən 250 min dollar pul istəyib, SOCAR-a dəvət edilib, futbolçumuz Mirabdulla gecə həyatı yaşayır və yeni müqavilə imzalananda ona bununla bağlı şərt qoyulub ki, gecə həyatına son versin və s. kimi xəbərlər buna misaldır.

Bütün bu informasiyaların hamısı yalandır və həqiqəti əks etdirmir. Sadəcə, biz bu cür aparılan çirkin qarayaxma kampaniyasının məlumatlarına açıqlama vermək istəmirik. Çünki azarkeşlərimiz nəyin doğru, nəyin yalan olduğunu yaxşı bilir. Bu xəbərləri oxuyan hər kəs görür ki, bu cür xəbərləri ya özləri təkzib edir, ya da bir müddətdən sonra həqiqət olmadığı üzə çıxır. "Neftçi” ictimaiyyətə qapalı bir klub deyil. Komanda ilə bağlı istənilən sorğu cavablandırılır və münasibət bildirilir".

Biz mətbuat xidmətində çalışanları yaxşı başa düşürük. Onlar nə deməlidir? Başqa nə deyə bilərlər ki? Durub etiraf etməyəcəklər ki, Kamran Quliyev bostanda kartof əkməyi tapşırmışdı, Roberto Bordin isə turp yetişdirib.

Olmaması gərəkən budur, amma görürsüz, olur. Baqali Dabo oyundan çıxan kimi yerdəki su qabına zərbə təpik vurur, ancaq bunu orada olanların heç biri yazmırsa, bu, o demək deyil ki, belə bir hadisə baş verməyib.

Mətbuat xidmətinin iki əsas işi var - olanları təkzib etmək və malalamaq. "Neftçi"də bu işə baxanlar da fərqli bir yol seçməyib. Neyləsinlər, daxildə yaşanan neqativ olayları təsdiqləyə bilməzlər. Bir tikə çörək qazanırlar, onu da itirəcəklər yoxsa.

Kamran Quliyevdən fələk də baş açmır, beş dəqiqə belə olur, beş dəqiqə elə. Hər saat bir fikrə düşür, qərar dəyişir. Prezidentdir də, başı çönəndə gözünə heç nə görünmür. Haqq-salamı qoyur yerə, keçir düşmənçiliyə. Çörəyə bais olmaq bir klub rəhbər kimi onun üçün heç nədir.

Aydın məsələdir ki, mətbuat xidməti "Neftçi" haqda qarayaxma kampaniyası aparırlar" deyəndə, əsasən Sportinfo.az-ı nəzərdə tutur. Paytaxt təmsilçisi hazırda ölkənin futbol həyatının ən ağrılı və ən yaralı yeridir. Burada baş verənlərə işıq tutmağı, aydınlıq gətirməyi bir media vasitəsi kimi özümüzə borc sayırıq.

Saytımızın sevimli oxucuları arasında "Neftçi"sevərlər çoxluq təşkil edir və reaksiyalardan da görürük ki, yazdıqlarımız, ortalığa çıxardığımız faktlar onların ürəyincədir. Şadıq ki, biz klubun mətbuat xidmətinin istəklərindən yox, məhz bu klubla nəfəs alan fanatların ürəyindən xəbər veririk!

"Neftçi" tərəfdarı çox şey istəmir ki… Tək istəkləri doğma komandalarının uğur/titul qazanması, avrokuboklarda layiqli çıxış etməsidir. Yağışda, qarda, boranda, o cırhacır istidə tribunaya axışan azarkeşin vəfa borcunu qaytarmaq Kamran Quliyevin, Ceyhun Sultanovun boynundadır.

Prezidentlə idman direktoru əlbir olub, ciblərinin qayğısına qalır, "12-ci oyunçu"nun arzuları isə gözündə. Axı niyə və nə vaxta kimi? Nə üçün o fanat gözüyaşlı halda Elnur Eyvazovun üstünə qaçmalıdır? "Neftçi" yönətimində yer alıb vicdanının səsinə qulaq asan yalnız odur deyə?

Bütün informasiyalarımız yüzdə-yüz doğrulanmalı və ya təsdiqlənməlidir iddiasında deyilik. Heç bunu gözləmirik də. Yazdıqlarımız necə 1 faiz həqiqətdir ki, klub rəhbərliyi Kirill Petrovu min dillə dindirib, tez-tələsik yola saldı?

Əgər düşərgədə hər şey qaydasındadırsa, niyə Dario Frederiko Antalya toplanışına aparılmayıb? Braziliyalı yarımmüdafiəçini Bakıda saxlayan, əvəzedici heyətə göndərilməyə məhkum edən səbəb ciddi deyilsə, Bordinin başına soyuq dəyib ki, aparıcı futbolçunun xidmətindən belə asanlıqla imtina eləyir?

Saman Nəriman Cahan ayağının tozuyla "Neftçi"ni menecer qalmaqalının girdabına sürükləyib, bəlkə bu da yalandır?

Biz Anton Krivotsyukun içkili halda evli qadının saçına əl atıb, ərindən boşanmasını tələb eləməsi faktının təfərrüatına qayıtmaq istəmirik hələ…

Qoy, mətbuat xidməti həqiqətin istisinə kor olmağa davam eləsin, biz də doğruları qələmə almaqda,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti