"Neftçi"dən: "Bu cür əngəllər bütün planlarımızı pozdu"

11 Noyabr 2019 20:00 Neftçi 1 164
"Neftçi"dən: "Bu cür əngəllər bütün planlarımızı pozdu"

"Neftçi" ciddi problemlə üzləşib. Paytaxt klubunun yeni bazasının tikintisində uzunmüddətli fasilə yaranıb. Demək olar, 1 ilə yaxındır ki, İsmət Qayıbovun adını daşıyan stadionun ərazisində inşaat dayandırılıb. Halbuki bu işlər cari ilin may ayında tamamlanmalı idi. Bunu "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov demişdi. Açılış tarixini ictimaiyyətə açıqlayan o olsa da, gedişat proqnozları doğrultmadı.

Bununla bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb. Bəzi media orqanları paytaxt təmsilçisinin ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyini, bir qismi "SOCAR-Turkey" vasitəsilə ayrılan vəsaitin ünvanına çatmadan "yeyildiyini", digərləri isə klubun sənədləşmə probemləri ilə üzləşdiyini önə sürür.

Bilinən odur ki, bazanın tikintisi AVRO-2020-yə qədər çatmayacaq.

Bu da "Neftçi"ni idarə edənlərin futbolumuzun imicinə vurduğu növbəti zərbədir. Çünki qitə birinciliyinin 4 oyunu üçün Bakıya gələcək milli komandaların "İsmət Qayıbov"da məşq etməsi öncədən planlaşdırılmışdı.

Sportinfo.az bu suallara cavab tapmaq üçün "Neftçi"yə sorğu yollayıb. Ünvanladığımız suallara mətbuat xidməti vasitəsilə cavab aldıq.

- “Neftçi”nin bazasında tikinti işləri nə yerdədir?

- Bazada əlavə meydançaların tikinti prosesi davam edir. Yaxın iki ayda yeni üstüqapalı və tam standartlara uyğun əlavə süni meydança istifadəyə veriləcək. Hazırda betonlanma və direnaj sisteminin çəkilməsi prosesi gedir. Bu meydançalar hazır olandan sonra “Neftçi”nin bütün komandaları artıq bir yerə toplanacaq. Əvəzedici heyətlə yanaşı, digər aşağı yaş qrupları üzrə komandalarımız həm məşqlərini, həm də rəsmi oyunlarını bu meydançalarda keçirə biləcəklər. Həmçinin yeni meydançalarda azarkeşlərin oyunları və məşqləri izləməsi üçün tribuna da olacaq.

- Bizdə olan məlumata görə, bazada işlər dayandırılıb. Buna səbəb nədir?

- Xeyr, işlərin tam dayandırıldığını deyə bilmərik. Çünki meydançaların salınması, akademiya üçün paltardəyişmə və digər yardımçı binaların tikintisi davam edir. Yalnız əsas ofis binasının tikintisi müvəqqəti olaraq dayandırılıb. Bu da bizimlə bağlı məsələ deyil.

- Gecikmə ilə bağlı müxtəlif fikirlər səslənir. Problemin maliyyə və ya sənədləşmə ilə bağlı olduğu deyilir...

- Ofis binasında işlərin müvəqqəti dayandırılması maliyyə ilə bağlı məsələ deyil. Baş sponsorumuz SOCAR, bu baxımdan bizə lazımı maddi dəstəyi göstərməkdədir. Problem hazırda tikinti prosesinin aparılması üçün bəzi dövlət orqanlarının icazə sənədlərinin verilməsi ilə bağlıdır. Bununla bağlı öhdəmizə düşən bütün işləri görmüşük. Tikintinin davam etməsi üçün onların cavabını gözləyirik.

- Ötən il deyilmişdi ki, işlər bu ilin yayında bitəcək və baza tam hazır olacaq. Hətta gələn il AÇ-2020-nin final mərhələsinin oyunları üçün Bakıya gələcək yığmalardan birinin məhz “Neftçi”nin bazasında məşq edəcəyi bildirilmişdi. Artıq söz verilən müddətdən 3 ay keçib…

- Bəli, əslində, plan belə idi. Lakin bayaq bildirdiyim kimi, sənədlə bağlı problemlər işlərin gecikdirilməsinə səbəb oldu. Əslində, Avropa çempionatının başlanğıcına qədər işlərin tam yekunlaşdırılması planlaşdırılırdı. Lakin bu cür problemlər bazanın tikintisinin gecikdirilməsinə gətirib çıxardıb. Biz də ən qısa zamanda işlərin bitməsinin və 82 yaşlı “Neftçi”nin nəhayət özünəməxsus, müasir standartlara cavab verən təlim-məşq bazasına malik olmasını istəyirik. Ancaq təəssüf ki, bu cür əngəllər bizim bütün planlarımızı pozdu. Hazırda bu proses davam edir. Ümid edirik ki, bu əngəllər yaxın müddətdə aradan qalxacaq və yarımçıq qalmış işlərimizi tamamlaya biləcəyik.

ELNUR SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti