“Ekonom” rejim, əldən çıxan liderlik və ya gözlənilən AMANSIZ "QARABAĞ"

7 Yanvar 22:20 Qarabağ 879
“Ekonom” rejim, əldən çıxan liderlik və ya gözlənilən AMANSIZ "QARABAĞ"

Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

“Sabah”dan yazmışdıq, “Qarabağ”la davam edirik…

Ağdam klubu tarixinin ən uğurlu mövsümünü keçirir. İkinci dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edən kollektiv buradakı uğurları ilə hətta Avropanı təəccübləndirməyi bacarır.
Sona iki tur qalmış aktivində 7 xalı olan komandamızın pley-off şansları kifayət qədər yüksəkdir.
Bu yolda “Ayntraxt” və “Liverpulla” matçların nəticələri həlledici olacaq.

Təbii ki, “Çelsi”, “Ayaks”, “Atletik”, “Napoli” və “Benfika” kimi yüksək səviyyəli liqaların təmsilçiləri ilə qarşılaşmalar Qurban Qurbanovun komandasını əməlli-başlı taqətdən saldı.
Nəticədə Premyer Liqada hər şey heç də arzuolunan kimi keçmədi. “Kəhər atlar” qış fasiləsinə kimi iki məğlubiyyətlə yadda qaldı. Evdə “Sumqayıt”dan alınan məğlubiyyətə “qəza” deyib keçmək olardı, amma “Sabah”dan alınan yenilgi lider kürsüsünü “tələbələr”ə vermək bahasına başa gəldi.

Ümumiyyətlə, qələbə qazandığı oyunlarda da “Qarabağ” az çətinlik yaşamadı. Arxada qalan 16 turda yalnız “Araz Naxçıvan” üzərində inamlı qələbələr (5:0, 5:1) xaric. Liqada qalmaq uğurunda mübarizə aparan “Şamaxı” “Azərsun Arena”dan xalla qayıtmağı bacardı. Digər autsayderlərdən “Kəpəz” və “Qəbələ”ni yalnız minimal hesabla üstələmək mümkün oldu. Hətta ilk dəqiqələrdən azlıqda qalan Kaxaber Tsxadadzenin yetirmələri belə irihesabla uduzmağa razı olmadı.

Çempionlar Liqası fərqi…

Liqada komandanın müəyyən qədər əziyyət çəkməsini rəqiblərin güclənməsi, liqanın səviyyəsinin qalxması ilə bağlayanlar var. Hətta bir qədər irəli gedib legioner limitinin ləğvini qabardanları da görürük.
Məncə, yaxından-uzaqdan əlaqəsi yoxdur. Axı eyni hal ilk dəfə deyil yaşanır. Son 13 mövsümdə üçüncü dəfə “Qarabağ” qış fasiləsinə lider kimi yollana bilmir. Bu dəfə “Sabah” önə çıxdısa, digər iki halda “Neftçi” bunu bacarıb. Özü də yaxın keçmişdə - 2018/19, 2020/21 mövsümlərində.

Elə bu “Sabah” Murada Musayevlə 2022/23 mövsümündə nəinki qışa fasiləsinə qədər, hətta son turlara kimi çempionluq mübarizəsində olmuşdu. "Sabah"ın bugünkü fədəkarlığı yeni deyil.

"Qarabağ"ın gözləniləndən çox sayda xal itirməsi isə ÇL-də yaranan böyük şanslar, artan hədəflər liqada “ekonom” rejimdə qalmağı labüd etməsi ilə bağlıydı.

Sıx qrafik, ağır rəqiblər, uzaq səfərlərdə itirilən gücün bərpası faktiki mümkünsüz idi. Psixoloji və fiziki yorğunluq hətta bəzi zədələrə belə yol açmış oldu. İlin son oyunlarında yorğunluq çox qabarıq şəkildə özünü büruzə verirdi. Hansı pəncərədən baxsaq istirahət üçün məqam gəlib çatmışdı.

Qış fasiləsində sonra qarşımızda daha amansız “Qarabağ” görsəniz, heç təəccüblənməyin…

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti