“Bakını çox sevdim, amma qiymətlər bahadır, çox pul xərcləmirdim” – MÜSAHİBƏ

6 Yanvar 20:40 Müsahibə 15 492
“Bakını çox sevdim, amma qiymətlər bahadır, çox pul xərcləmirdim” – MÜSAHİBƏ

Qış fasiləsinə sonuncu pillədə yollanan “Karvan-Yevlax”da ilk ayrılıq gerçəkləşdi.

Bölgə təmsilçisinin iranlı Səid İranxanla yollarını ayırdığını bəyan etməsi gözlənilməz oldu.

Çünki 24 yaşlı iranlı mərkəz müdafiəçisi bir çox hallarda əsas heyətdə yer alır, heç də pis təsir bağışlamırdı.

Bəs, ayrılığın səbəbi nə idi? Olmaya, Saidin özü getməkdə maraqlı olub? Bəlkə başqa klublardan təklif alıb?

Təbrizdə yaşayan soydaşımız Sportinfo.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirib.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/239454.html)

- Bu, Azərbaycana ilk səfərin idi, yoxsa daha öncə gəlib-getmişdin?

- Əvvəl gəlmək istəsəm də, alınmamışdı. Bəli, ilk dəfə “Karvan”la müqavilə bağlamaq üçün gəldim.

- Təəssüratların necə oldu? İrandakı soydaşlarımızla Azərbaycandakı insanların arasında fərq var?

- Mən Təbrizdən olduğum üçün arada oxşarlıqlar çoxdur. Müəyyən fərqlər var ki, onlar da hiss olunmur. Bakı möhtəşəm şəhərdir.

- Bəyəndin?

- Həm də çox. Azərbaycanda gəzdiyim şəhər və rayonların arasında ən çox Bakını sevdim.

- Təbrizlə Bakının oxşarlıqları var?

- Əlbəttə, var. Hər iki şəhər keçmişlə müasirliyin vəhdətini təşkil edir. Əsas fərq odur ki, Bakı Xəzər dənizinin sahilində yerləşir. Bu da şəhərə əlavə gözəllik verir.

- Azərbaycanda səni nə(lər) təəccübləndirirdi?

- (fikirləşir) Pendir mövzusu (gülür).

- Nə mənada?

- İranda pendiri ancaq səhər yeməyində yeyirik axı. Azərbaycanda olanda baxırdım ki, nahar və şam yeməyində də pendirlə qidalanırlar. Az qala bütün yeməklərin yanında pendir olur. Xüsusən azərbaycanlı futbolçularda bunu görürdüm. İlk vaxtlar qəribə gəlirdi mənə. Elə alındı ki, dadına baxdım və çox bəyəndim. Ondan sonra hər dəfə nahar və şam yeməklərində gözlərim pendir axtarırdı (gülür).

- Elə bu?

- Hə, bir də ki, Bakıda qiymətlər bahadır. Bəlkə də Avropadan gələnlər üçün normaldır. Ancaq İranla müqayisədə bahalıq hiss olunur.

- Yəqin ki, Bakıda çox pul xərcləmirdin.

- Demək olar xərcləmirdim (gülür). Əsas xərcim restoranda qidalanmaya çıxırdı. Heç əyləncə klublarına da getmirdim. Bütün günü Yevlaxdaydım.

- Darıxmırdın Yevlaxda?

- Çox darıxırdım, çox.

- Boş vaxtlarında nə edirdin bəs?

- Kitab oxuyurdum, limonlu çay içirdim. Biz türklər çay içənik axı. Bu baxımdan bəxtim gətirmişdi (gülür).

- Çayxanada?

- Yox-yox, bazada. Hə, bir də “instagram”da vaxt keçirirdim. Azərbaycanlılar daha çox “tik-tok”a üstünlük verir, bizdə “instagram” məşhurdur.

- Azərbaycanlı qızla ailə qurmaq fikri keçirdi ağlından?

- O, ola bilməzdi. Nişanlıyam axı (gülür).

- Başını aşağı salıb pulunu qazanırdın deməli.

- Vallah, “Karvan”a pul qazanmağa getməmişdim. Onsuz da arzuladığım maaş da yox idi. İstədiyim əməhaqqından daha azına qol çəkmişdim. Təki özümü göstərim, gələcəkdə başqa kluba keçim, başqa ölkəyə gedim. Vaxtilə “Neftçi”də oynamış Saman Nərimancahandan maraqlanmışdım, Premyer Liqanı çox tərifləmişdi. Deyirdi, özünü göstərmək üçün əla imkandır.

- İrandan olanlarla dostluq edirdin?

- Birinci Liqada oynayan iki nəfər, bir də futzalda top qovan iki nəfərlə yaxın idim. Arada görüşüb, söhbət edirdik. Bakıya gedəndə onlarla görüşürdüm. Bir şey də var ki, təbrizliyəm deyə, digər insanlarla əlaqə qurmaq mənim üçün rahat idi. Dil problemi yaşamırdım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!