“Qarabağ” heyətin gücləndirilməsi ilə bağlı axtarışlarını davam etdirir.
Kadi Borgesin zədələnməsi, Marko Yankoviçin əvvəlki formasından uzaq düşməsi, Abdullah Zubirin yaşa dolması, hücum xəttindəki hücumçusuzluq Qurban Qurbanovu qayğıalndırmaya bilməz.
“Köhlən atlar”ın qış fasiləsində heyətinə azı bir futbolçu qatacağı inandırıcı görünür. Artıq xeyrli vaxtdır namizədlərlə danışıqlar davam edir.
Bəs, bu, baş verəcəyi halda, “Qarabağ” onun adını Çempionlar Liqasının iştirak ərizəsinə daxil edə biləcək?
Həmin oyunçu “Frankfurt” və “Liverpul”la qarşılaşmalarda meydana çıxmaq imkanına malik olacaq? Ümumiyyətlə, Liqa mərhələsinin gedişində heyəti gücləndirmək və ya dəyişmək olarmı?
UEFA-nın Çempionlar Liqası üçün nəzərdə tutulmuş “Oyunçular qeydiyyatı üçün son tarixlər” bölməsində deyilir:
“Bəli, Liqa mərhələsini keçsələr, bu, mümkündür. Pley-off mərhələsindən əvvəl klublar 5 fevral 2025-ci il, Mərkəzi Avropa vaxtı ilə saat 00:00-a qədər maksimum üç yeni oyunçu qeydiyyatdan keçirə bilərlər.
Yuxarıdakı üç nəfərlik kvotadan olan oyunçuların hər hansı biri və ya hamısı UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının seçmə mərhələsində, pley-off və ya liqa mərhələsində başqa bir klubda meydana çıxmış ola bilər.
A siyahısındakı ümumi 25 oyunçu limiti, səkkiz yerli oyunçu kvotası ilə birlikdə qalır”.
Təlimatdan da göründüyü kimi, “Qarabağ” qış fasiləsində heyətinə qatacağı futbolçunun xidmətindən yalnız pley-off mərhələsinə yüksələcəyi təqdirdə istifadə edə bilər.
Qarşıdakı iki oyunda meydana çıxmasına icazə verilmir.
HƏBİB / SPORTİNFO.AZ

