I Liqada çempionluq uğrunda mübarizə aparan və Premyer Liqaya vəsiqə qazanmaq şansı əldə edən «Baku Sportinq» çətin situasiya ilə üzləşib.
Qış fasiləsinə kimi uğurlu qrafik cızmış Buzovna təmsilçisi hazırkı transfer bazarında aktiv iştirak edə bilmir.
Və belə görünür ki, qəsəbə klubu yeni ildə yüksəlişinin davamını gətirə bilməyəcək.
Faktiki olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən Röyal Nəcəfov heyəti gücləndirmək məqsədilə bir neçə cəhd göstərib, 4-5 futbolçu ilə danışıqlar aparıb, di gəl, onları bura gətirə bilməyib.
Niyə? Problem Hüseyn Rzayevdən qaynaqlanır.
İdman direktoru maliyyə dəstəyi ilə bağlı mövsümün əvvəlində verdiyi vədi yerinə yetirmir.
O, birincilik yolunda irəliləyiş əldə olunacağı təqdirdə, qış fasiləsində transferlərə 40 min manat vəsait ayıracağını bildirib: vaxt gəlib çatıb, amma bu pul hələ masanın üzərində yoxdur.
12 tura 25 xal toplamış «Baku Sportinq» turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. I Liqada 2-ci mövsümünü keçirən komanda lider «Şəfa»dan 5 xal geri qalır.
SPORTİNFO.AZ


