“Neftçi”nin qış planı məlum olub.
“Ağ-qaralar” üçün istirahət müddəti yanvarın 3-də başa çatacaq.
Komanda təlim-məşq toplanışına yanvarın 4-də start verəcək. Paytaxt təmsilçisinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində hazırlıq keçəcəyini xəbər vermişdik.
Yerli futbolçularla yanaşı, baş məşqçi Yuri Vernidub və köməkçiləri, eləcə də fasilə dönəmində Ukraynaya getməyən Andrey Ştoqrin Bakıdan Əbu-Dabiyə yola düşəcək.
Digər futbolçular, yəni legionerlər isə BƏƏ-yə öz ölkələrindən yollanacaqlar. Ayın 4-də hamı bir nəfər kimi düşərgədə olmalıdır. Baş məşqçi bu barədə hər kəsi xəbərdar edib.
Toplanış iki həftəlik nəzərdə tutulub. “Neftçi” bu müddətdə üç yoxlama görüşündə qüvvəsini sınayacaq.
Rəqiblərdən biri məlumdur – Qazaxıstan “Kayrat”ı. Lakin oyunun keçirilmə tarixi və başlama saatı barədə dəqiq məlumat yoxdur.
Digər rəqiblərin dəqiqləşməsi yönündə danışıqlar davam etdirilir.
16 turdan sonra topladığı 20 xalla 8-ci pillədə qərarlaşan “Neftçi” 17-ci turda “Zirə” ilə üz-üzə gələcək.
Yanvarın 23-də “Palms Sports Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

