Baş məşqçi ona hörmətsizlik etmiş qalmaqallı oyunçunu öz yanına gətirdi

7 Yanvar 09:40 Hadisə 1 538
Baş məşqçi ona hörmətsizlik etmiş qalmaqallı oyunçunu öz yanına gətirdi

«İmişşli»də qalmaqala səbəb olan İbrahim Əliyev Premyer Liqanı I Liqaya dəyişib.

Yarımmüdafiəçi «Şəfa» ilə 5 aylıq müqavilə imzalayıb.

Hazırda aşağı liqada turnir cədvəlinə başçılıq edən paytaxt təmsilçisi elitaya vəsiqə qazanarsa, onunla kontrakt avtomatik olaraq 1 il uzadılacaq.

«İmişli»də aşağı məbləğdə maaş alan vinger yeni klubunda daha çox pul qazanacaq. Hər halda 2000 manat civarında əməkhaqqı 1999-cu il təvəllüdlü oyunçu üçün yaxşı rəqəmdir.

Aranlıların baş məşqçisi Jorj Kaskilya onu bir müddət əvvəl komandadan uzaqlaşdırıb. Portuqaliyalı qəfildən belə qərar qəbul etiməyib.

Səbəb var, özü də kifayət qədər ciddi! Belə ki, yarımmüdafiəçi onun köməkçisinə qarşı qeyri-etik dayanıb.

Hadisə Sumqayıtda baş verib. Belə ki, Premyer Liqanın 14-cü turu çərçivəsində eyniadlı komandanın qonağı olan «İmişl»" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

90+1-ci dəqiqədə Ezikiel Morqanın əvəzinə meydana daxil olmuş Əliyev 90+7-ci dəqiqədə hesabı bərabərləşdirmək imkanı yaxalasa da, penaltini qaçırıb.

Olay da bunun üstündə yaşanıb. Kaskilyanın yardımçısı qarşılaşmadan sonra paltardəyişmə otağında İbrahimə yaxınlaşaraq, irad tutub.

Səbəbkar isə əsəblərinə hakim ola bilməyərək, ona sərt şəkildə reaksiya göstərib: öncə təhqiramiz ifadə işlədib, ardınca mütəxəssisi sinəsindən tutaraq geri itələyib. O, zərbənin təsirindən divara çırpılıb.

Kaskilya hadisə barədə məlumat alınca, hər iki tərəfi danlayıb, daha sonra futbolçunun düşərgədən uzaqlaşdırılması barədə rəhbərliyə raport verib.

Əliyev Premyer Liqada 11 oyuna çıxıb. O, yalnız 1 dəfə fərqlənə bilib.

İbrahim «Şəfa»nın baş məşqçisi Elgiz Kərəmliyə yaxşı tanış biridir. Və heç də müsbət mənada yox.

Kərəmli 2024-cü ildə onu «Difai»yə dəvət edib. Yarımmüdafiəçi burada cəmi 1 məşqə gəlib, sonra yoxa çıxıb.

Görünür, bu gənc çalışdırıcı həmin hadisəni unudub, yaxud eyni halın, yəni, bu hörmətsizliyin növbəti dəfə təkrarlanmayacağını güman edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti