"Zirə"nin yeni transferi Rüfət Abdullazadənin ölkəmizə qayıdışı bir qədər gözlənilməz oldu.
24 yaşlı yarımmüdafiəçi ötən yay Xorvatiya təmsilçisi "Varajdin"lə 3 illik uzunmüddətli anlaşma imzalamışdı.
İstedadlı vingerin Avropada daha çox qalması arzuolunan idi. Bəs nə baş verdi? Millimizin üzvü niyə vətənə qayıtdı?
Bu səpkidə suallara cavab tapmaq üçün oyunçunun meneceri Emil Əsədovla danışdıq.
Tanınmış agent Sportinfo.az-a açıqlamasında bütün detallara aydınlıq gətirdi:
"Rufət Abdullazadənin “Varazdin” klubundan “Zirə”yə 5 aylıq icarə əsasında keçidi aparılan danışıqlar və tərəflər arasında formalaşan qarşılıqlı anlaşma nəticəsində baş tutdu.
Proses ərzində həm oyunçunun hazırkı durumu, həm də klubların mövqeyi diqqətlə dəyərləndirildi.
“Varazdin” klubu ilə apardığımız müzakirələrdə əsas mövzulardan biri Rufətin oyun vaxtının məhdud olması idi.
Bu səbəbdən, onun mütəmadi oynaya biləcəyi bir variant üzərində dayandıq və mümkün olduğu halda icarə seçimini gündəmə gətirdik.
Klub da vəziyyəti obyektiv şəkildə qiymətləndirdi, “Zirə” klubu və onun layihəsi haqqında məlumat aldı və nəticə etibarilə bu keçidə razılıq verdi.
“Zirə” klubu ilə isə təxminən bir həftə ərzində davam edən danışıqlar apardıq. Məqsədimiz elə bir mexanizm qurmaq idi ki, bu keçid həm klub, həm də oyunçu üçün faydalı olsun.
Burada əsas məqsəd Rufətin komandaya uyğunlaşması və paralel şəkildə inkişafını davam etdirməsi idi. Bu baxımdan düşünürəm ki, atılan addım planlı və düşünülmüş bir qərarın nəticəsidir.
Rufətin “Zirə”yə keçidində klubun ümumi baxışı və baş məşqçi faktorunun rolu xüsusi əhəmiyyət daşıdı.
Eyni zamanda onun mütəmadi oyun praktikası qazanması bu qərarın verilməsində əsas meyarlardan biri oldu.
Xorvatiya çempionatı kifayət qədər çətin və rəqabətli liqadır və ora uyğunlaşma zaman tələb edir. Məhz bu səbəbdən Rufətlə “Varazdin” arasında 3 illik müqavilə imzalanmışdı və uzunmüddətli planlar mövcuddur.
Mövcud variantı nəzərə alaraq hesab edirəm ki, bu keçid həm oyunçunun inkişafı, həm də hər iki klub üçün uğurlu seçimdir.
İnanıram ki, Rufət “Zirə” klubunda öz oyunu ilə komandaya müsbət mənada ciddi töhfə verəcək.
Sonda həm Rufətə, həm də “Zirə” klubuna qarşıdakı dövrdə uğurlar arzulayıram. Xüsusilə “Zirə” klubunun rəhbərliyinə danışıqlar zamanı nümayiş etdirdikləri peşəkar və konstruktiv yanaşmaya görə ayrıca təşəkkür edirəm".
XANOĞLAN

